Avropa ölkələrinin liderləri bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə şəkli çəkdirməyə can atırlar - Peter Siyarto

Avropa ölkələrinin liderləri bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə şəkli çəkdirməyə can atırlar - Peter Siyarto

Cəbrayıl. TurkicWorld:

Avropa ölkələrinin liderləri bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə şəkli çəkdirməyə can atırlar.

TurkicWorld xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Soltanlı kəndinin təməlqoyma mərasimində deyib.

"13 il bundan əvvəl Macarıstanın baş nazirini Azərbaycana səfər etdiyinə görə tənqid edən Avropa ölkələrinin liderləri indi Azərbaycan Prezidenti İlham Əliyevlə şəkli çəkdirməyə can atır və bu ölkə ilə qaz sahəsində əməkdaşlığa ümid edirlər", - o deyib.

Kəndin bərpa olunması məsələsinə toxunan nazir Macarıstanın Qarabağ bölgəsində yenidənqurma işlərinə öz töhfəsini verməyə hazır olduğunu və daima Azərbaycanın suverenliyini dəstəklədiyini bildirib.

"Biz otuz il ərzində Macarıstanla Azərbaycan arasında möhkəm strateji tərəfdaşlıq əlaqələrinin qurulması üzərində səylə çalışmışıq. Azərbaycan bizim etibarlı müttəfiqimiz, Azərbaycan xalqı isə bizim dostumuzdur", - macarıstanlı nazir deyib.

Qeyd edək ki, noyabrın 24-də işğaldan azad olunmuş Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasimi keçirilib.

Tədbirdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və Soltanlı kəndinin sakinləri iştirak ediblər.

(Tərcümə: Rəna Əbdürəhmanova)