Son dəqiqə

Azərbaycan Türkiyə AK Parti Zəfər Günü Mustafa Canbey

"Bir millət, iki dövlət" olduğumuz Can Azərbaycanı Zəfər Günü münasibəti ilə təbrik edirik - Mustafa Canbey (ÖZƏL)

Bakı. TurkicWorld:

"Bir millət, iki dövlət" olduğumuz Can Azərbaycanı Zəfər Günü münasibəti ilə təbrik edirik.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) Balıkəsir Millət vəkili, Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının sədr müavini Mustafa Canbey deyib.

"Bu gün Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra Qarabağı və işğal olunmuş torpaqlarını azad etməklə qazandığı qələbənin üçüncü ildönümüdür. İki dövlət, bir millət olduğumuz əziz azərbaycanlı qardaşlarımızı dünyanın gözü qarşısında 30 ilə yaxın davam edən bu işğala son qoyması münasibəti ilə təbrik edirik", - deyə o əlavə edib.

M.Canbey, həmçinin, beynəlxalq təşkilatların 30 il ərzində bu münaqişənin həlli ilə bağlı öhdəliklərini yerinə yetirə bilmədiyini də vurğulayıb.

"Problem 32 il əvvəl SSRİ dağılandan sonra ermənilərin Qarabağda öz hüquqlarını iddia etmələri ilə başlayıb. Ermənilər 1991-ci ildə başlatdıqları hücumlarda Azərbaycan ərazisinin 20 faizini işğal ediblər. 1 milyona yaxın azərbaycanlı qardaşımız öz dədə-baba yurdlarını tərk etməli oldu. Erməni qırğınları artdıqdan sonra 1994-cü ildə atəşkəs sazişi olan Bişkek Protokolu imzalandı. Amma təəssüf ki, bu atəşkəs yalnız kağız üzərində qaldı. Beynəlxalq təşkilatlar da bu hücumları, qətliamları sadəcə izlədilər. 1992-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaratdığı Minsk Qrupu da heç bir nəticə əldə edə bilmədi. Müxtəlif ölkələrin təşəbbüsləri ilə elan edilmiş bütün atəşkəs rejimini pozan Ermənistan 2020-ci il sentyabrın 27-dən yenidən Azərbaycana hücumlara başladı. Lakin bu dəfə azərbaycanlı qardaşlarımızın şücaəti və qəhrəmanlığı sayəsində ağır məğlubiyyətə uğradılar", - deyə AK Parti millət vəkili bildirib.

M.Canbey onu da qeyd edib ki, Azərbaycanın bu haqq savaşında Türkiyə xalqı prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında vətənlərini müdafiə etmək, işğal altında olan torpaqlarını xilas etmək üçün döyüşən azərbaycanlı qardaşlarını hər zaman dəstəkləyib.

"44 gün ərzində heç bir dinc əhaliyə dəymədən, günahsız insanların hüquqlarını müdafiə edərək qəhrəmancasına döyüşən Azərbaycan Ordusu 8 noyabr 2020-ci il tarixində qələbələrini elan etdilər. Bu münasibətlə dünyanın son dövrlərdə gördüyü bu ən böyük qələbənin qazanılmasında əməyi olan hər kəsi təbrik edir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlam ömür arzulayıram", - deyə o əlavə edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər