Rusiya "Xəzər beşliyi" formatında aktiv fəaliyyət göstərmək niyyətindədir - Lavrov

Rusiya "Xəzər beşliyi" formatında aktiv fəaliyyət göstərmək niyyətindədir - Lavrov

Bakı. TurkicWorld:

Moskva regionun məhsuldar əməkdaşlıq zonası kimi mövqeyini möhkəmləndirmək məqsədilə "Xəzər beşliyi" (Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan) formatında aktiv fəaliyyət göstərmək niyyətindədir.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzər məsələləri üzrə İdarələrarası Komissiyanın ilk iclasında deyib.

"Rusiya bu regionun sülh, həmrəylik, mehriban qonşuluq və məhsuldar beynəlxalq əməkdaşlıq zonası kimi mövqeyinin möhkəmləndirilməsi naminə "Xəzər beşliyi" formatında aktiv quruculuq fəaliyyəti göstərmək niyyətindədir", - o deyib.

Onun sözlərinə görə, Xəzəryanı dövlətlərin birgə fəaliyyəti bütün Avrasiya məkanında təhlükəsizlik, sabitlik və dayanıqlı inkişafın təmin olunması məsələsində mühüm amildir.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Rusiya rəhbərliyi üçün prioritet olduğunu deyən S.Lavrov bunun üçün Xəzəryanı dövlətlərlə sıx fəaliyyətin, maraqların uyğunluğunun və Xəzər problemlərinin həllində birgə fəaliyyətin lazım olduğunu qeyd edib.

"Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyaya əsasən, yalnız "Xəzər beşliyi" ölkələri bu unikal hövzə ilə əlaqəli məsələlər üzrə müstəsna səlahiyyətlərə malikdir", - Rusiyanın xarici işlər naziri deyib.