Son dəqiqə

Azərbaycan Gürcüstan Əli Əsədov Tbilisi

Azərbaycanda Gürcüstanın görkəmli şəxsiyyətlərinə böyük hörmətlə yanaşılır - Baş nazir

Bakı. TurkicWorld:

Oktyabrın 27-də Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisi şəhərində Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının təməlqoyma mərasimində iştirak ediblər.

TurkicWorld xəbər verir ki, baş nazir Əli Əsədov təməlqoyma mərasimində çıxış edib.

"Azərbaycan və gürcü xalqlarının əsrlər boyu dostluq, mehriban qonşuluq, sülh və qarşılıqlı anlaşma şəraitində yaşamasını şərtləndirən əsas amil tarixi köklərə söykənən mədəni əlaqələr olub.

Həm Azərbaycanda, həm Gürcüstanda tarixən xalqlarımızın milli-mənəvi dəyərlərinə, mədəniyyətinə, dilinə, dininə, incəsənətinə, ədəbiyyatına böyük hörmət və xüsusi rəğbət bəslənilib.

Azərbaycanın bir çox görkəmli xadimləri, böyük şəxsiyyətləri (Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh, Fətəli xan Xoyski) Gürcüstanda yaşayıb-yaradıb, orada əbədiyyətə qovuşublar.

Eynilə, Gürcüstanın bir çox mədəniyyət və incəsənət xadimləri, görkəmli şəxsiyyətləri Azərbaycanda fəaliyyət göstərib, ictimai və mədəni həyatımıza mühüm töhfələr veriblər.

Dediklərimin tarixi təsdiqi kimi Tbilisi şəhərində hələ 1872-ci ildə Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının fəaliyyətə başlamasını qeyd etmək olar.

Teatrın uzunmüddətli fəaliyyəti dövründə gürcü, Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin ölməz əsərləri böyük uğurla səhnələşdiriljb.

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına müasir tərzdə yeni nəfəs verilməsi tarixi hadisədir.

Teatrın yeni binasının Tbilisi şəhərinin önəmli gözəl guşəsində yerləşməsi ilə bağlı qərarı çox yüksək qiymətləndiririk", - o qeyd edib.

"Fürsətdən istifadə edərək Ulu Öndər Heydər Əliyevin Gürcüstana olan isti münasibəti barədə bir neçə məqamı sizlərlə bölüşmək istərdim.

Heydər Əliyev Azərbaycana rəhbərlik dövründə həmişə qonşu dövlətlərə dost münasibəti göstərib. O ki, qaldı Gürcüstan, bu, bir xüsusi haldır.

Hər iki rəhbərlik dövründə Heydər Əliyev Gürcüstana və gürcü xalqına böyük hörmət bəsləyib, xüsusi diqqət və qayğı ilə yanaşıb.

Dəfələrlə Gürcüstanda səfərdə olmuş Heydər Əliyevin Gürcüstanın ovaxtkı rəhbəri mərhum Eduard Şevardnadze ilə qarşılıqlı etimada əsaslanan möhkəm dostluq münasibətlərini hamımız yaxşı xatırlayırıq.

Məhz onların liderliyi sayəsində ölkələrimizin siyasi, iqtisadi, mədəni-humanitar və bütün digər sahələrdə münasibətlərinin inkişafının möhkəm təməlləri qoyulub.

Hər iki liderin siyasi karyerası unikallığı ilə seçilirdi və oxşar tarixi hadisələrlə yadda qalıb. Belə ki, onlar ikinci dəfə öz xalqlarının tələbi ilə artıq müstəqil dövlətin rəhbəri kimi siyasi fəaliyyətlərini davam etdiriblər.

Ölkələrinə rəhbərlik dövründə digər sahələrlə bərabər onlar öz xalqlarının milli-mənəvi dəyərlərinə, dilinə, dininə, mədəniyyətinə, incəsənətinə, musiqisinə xüsusi diqqət, qayğı və həssaslıqla yanaşmış, bu irsin qorunması və inkişaf etdirilməsi üçün əllərindən gələni əsirgəməyiblər.

Onu da xüsusi qeyd edim ki, Heydər Əliyev gürcü incəsənətinin, ədəbiyyatının, musiqisinin, kinosunun böyük pərəstişkarı idi", - baş nazir vurğulayıb.

O qeyd edib ki, müasir dövrdə Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili bizə miras qalan zəngin tarixi ənənələri yaşadır və demokratiya yolu ilə inkişaf edən müstəqil dövlətlərimizin milli maraqlarını qoruyaraq onları daha böyük nailiyyətlərə doğru aparır:

"Ümidvaram ki, bu gün təməlini qoyduğumuz bu teatrın peşəkar yaradıcı kollektivi burada yaradılacaq gözəl şəraitdən layiqincə istifadə edəcək, yeni layihələrlə və tamaşalarla Tbilisi şəhərinin mədəni həyatında fəal rol oynayacaq.

Bu isə, öz növbəsində, Azərbaycan-Gürcüstan mehriban qonşuluq, dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verəcək.

Əminəm ki, bu teatr mədəniyyət və incəsənətsevərlərə layiqli hədiyyə olmaqla yanaşı, həm də tarixi, qədimliyi və müasirliyi özündə mükəmməl şəkildə sintez edən Tbilisi şəhərinin görkəminə xüsusi gözəllik verəcək və Gürcüstan paytaxtının mədəni ocağına çevriləcək.

Əlamətdar haldır ki, Heydər Əliyevin adını daşıyan bu mədəniyyət ocağının yeni binasının təməlqoyması məhz cari ilə - Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 100-cü ildönümünə təsadüf edir.

Heydər Əliyevin bu mötəbər yubileyi münasibətilə Gürcüstanda da silsilə tədbirlər keçirilib.

Ulu Öndərin əziz xatirəsinə göstərilən hörmət və ehtirama görə öz adımdan, Azərbaycan hökuməti və xalqı adından hörmətli cənab Baş nazir İrakli Qaribaşviliyə, Gürcüstan hökumətinə və xalqına təşəkkürümü ifadə edirəm.

Bir məqamı da qeyd etmək istərdim, Azərbaycanda da hər zaman olduğu kimi, Gürcüstanın görkəmli şəxsiyyətlərinə böyük hörmət və ehtiramla yanaşılır.

Belə ki, bu günlərdə Azərbaycanın ikinci böyük şəhəri olar Gəncədə görkəmli gürcü şairi Nikoloz Barataşvilinin bir zamanlar yaşayıb-yaratdığı və çalışdığı binanın önünə onun xatirə lövhəsi vurulub.

Eyni zamanda, Azərbaycanın Qax rayonunda fəaliyyət göstərən Gürcü Dövlət Dram Teatrına böyük gürcü ədibi İlya Çavçavadzenin adı verilib və bu, müvafiq qaydada rəsmiləşdirilib".

Mövzuya görə xəbərlər