Son dəqiqə

Azərbaycan Milli Məclis Qırğızıstan

Azərbaycanın və Qırğızıstanın Hesablama palataları arasında təcrübə mübadiləsi imkanları müzakirə olunub

Bakı. TurkicWorld:

Qırğızıstan Respublikası Hesablama Palatasının sədri Almazbek Akmatovun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 23-də Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən TurkicWorld-a bildiriblər ki, komitə sədri Tahir Mirkişili qonaqlara Azərbaycanın iqtisadi göstəriciləri, Milli Məclisdə büdcə müzakirələrinin keçirilməsi prosesi, parlamentin büdcəyə nəzarəti, Hesablama Palatasının rolu, ölkəmizin öz ərazilərini Ermənistanın işğalından azad etməsindən sonra həmin ərazilərdə aparılan tikinti-quruculuq işləri, bu məqsədlə büdcədən ayrılan vəsaitlər və həyata keçirilən dövlət proqramları, Ermənistan tərəfindən basdırılmış minaların yaratdığı təhlükələr barədə fikirlərini bölüşüb.

Ölkəmizə səfərindən razılıqla danışan Qırğız Respublikası Hesablama Palatasının sədri A.Akmatov türk dövlətləri arasında əməkdaşlıq, Qırğızıstan və Azərbaycanın Hesablama palataları arasında təcrübə mübadiləsi, Qırğızıstanın həyata keçirdiyi iqtisadi layihələr, dövlət büdcəsinin gəlir və xərcləri barədə Milli Məclisin deputatlarına məlumat verib, onları maraqlandıran suallara aydınlıq gətirib.

Söhbət zamanı parlamentlərlə Hesablama palataları arasında qarşılıqlı əlaqələr, iki ölkənin Hesablama palatalarının qarşılıqlı təcrübə mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər