Bakı. TurkicWorld:
Avstriyanın "Der Standard" qəzeti 21.10.2023-cü il tarixində "Dağlıq Qarabağda etnik təmizləmə təhlükəsi" başlıqlı reportaj yayımlayıb.
Bu barədə TurkicWorld -ə Medianın İnkişafı Agentliyindən məlumat verilib.
Bildirilib ki, materialın müəllifi, telejurnalist Jo Angerer heç bir araşdırma aparmadan müxtəlif detalları fakt kimi təqdim edərək bu ilin sentyabrın 19-da Azərbaycanın öz ərazisində beynəlxalq hüququn norma və prinsiplərini əsas götürərək apardığı lokal antiterror əməliyyatı barədə yanlış təəssürat yaradıb:
"Jurnalist auditoriyanı yönləndirmək məqsədi ilə xəbərin miqyası və məzmunundan daha çox onun şərh hissəsini manipulyasiya predmetinə çevirmiş, qarşı tərəfin rəyini nəzərə almayaraq jurnalistikanın balans prinsipini pozub, bölgədəki mövcud vəziyyəti obyektiv ifadə etməyən birtərəfli material hazırlayıb.
Azərbaycan Respublikasının müvafiq rəsmi hakimiyyət orqanları hansı media subyektində çalışmasından və hansı ölkəni təmsil etməsindən asılı olmayaraq bütün jurnalistlərin informasiya əldə etmək hüququna hörmətlə yanaşır və jurnalist sorğularının operativ cavablandırılmasına hər zaman hazırdır. Vurğulamaq istərdik ki, nə "Der Standard" qəzeti, nə də Jo Angerer lokal antiterror əməliyyatı ilə bağlı Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına heç bir müraciət etməyib.
Qeyd edilib ki, adıçəkilən qəzetdə verilmiş reportajda lokal antiterror əməliyyatı zamanı mülki əhalinin itkilərinin olması barədə uydurma versiyanın irəli sürülməsi saxta xəbərdir ("feyk nyus"). Belə ki, reportajda dəfələrlə Azərbaycan Respublikasının dəvəti ilə bölgədə səfərdə olaraq monitorinqlər aparmış Birləşmiş Millətlər Təşkilatının (BMT) missiyasının lokal antiterror əməliyyatı zamanı mülki əhaliyə heç bir ziyan dəymədiyi və bununla bağlı hər hansı fakt qeydə alınmadığı barədə rəyi belə nəzərə alınmayıb.
Xatırladılıb ki, BMT-nin, Beynəxalq Qırmızı Xaç Komitəsinin və digər beynəlxalq təşkilatların əməkdaşları erməniəsilli sakinlərin Azərbaycan Respublikasının hərbi qüvvələri tərəfindən qovulması və onlara qarşı zor tətbiq edilməsi ilə bağlı heç bir hal təsdiq etməyib. Habelə erməniəsilli şəxslər bölgəyə gəlmiş beynəlxalq media subyektlərinə, eyni zamanda Ermənistanın aparıcı media qurumlarına verdikləri çoxsaylı açıqlamalarında mülki əhaliyə heç bir ziyan dəyməməsi faktını dəfələrlə vurğulayıblar.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi "Der Standard" qəzetində şəxsi, subyektiv siyasi mülahizələr əsas götürülərək reallıqları təhrif edən, media etikası və jurnalistin peşəkarlığı prinsipləri ilə bir araya sığmayan materiala yer verilməsinin təəssüf hissi doğurduğunu bildirib, eyni zamanda sözügedən qəzeti Azərbaycan Respublikasının rəsmi mövqeyini nəzərə alaraq regionumuzda mövcud siyasi reallıqlar barədə material hazırlamağa çağırıb.