Son dəqiqə

Azərbaycan Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanının rəsmi qəzeti Azərbaycanın ədalətli mövqeindən yazıb

Bakı. TurkicWorld:

Səudiyyə Ərəbistanının geniş auditoriyaya malik "Əl Cəzirə" rəsmi qəzetində Azərbaycanın Krallıqdakı səfiri Şahin Abdullayevin Qarabağ məsələsində ölkəmizin ədalətli mövqeyi haqqında məqaləsi dərc olunub.

Səfirlikdən TurkicWorld-ə bildiriblər ki, məqalədə 30 ilə yaxın Ermənistanın hərbi işğalı nəticəsində Azərbaycan xalqının çəkdiyi misli görünməmiş əzablar, məhrumiyyətlər və dağıntılara baxmayaraq, ölkəmizin normallaşma gündəliyi təşəbbüsü ilə çıxış etməsi və qarşı tərəfə bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərin bütövlüyü və toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi çərçivəsində sülh təklif etməsi barədə məlumat verilib.

Səfir qeyd edib ki, 2020-ci ilin noyabrından başlayaraq, üç ilə yaxın müddətdə Ermənistan Azərbaycanın suveren ərazisindəki Laçın yolundan sui-istifadə edərək separatçıları qızışdırmaq məqsədilə ağır hücum silahları ilə təchiz olunmuş silahlı qüvvələrə dəstək göstərib. Cari il sentyabr ayının 19-da erməni diversiya qrupu tərəfindən Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında yerləşdirilən minaların iki ayrı partlayışı nəticəsində iki mülki şəxsin və dörd polis əməkdaşının, ümumilikdə altı Azərbaycan vətəndaşının faciəvi şəkildə həlak olduğunu xatırladan diplomatımız vurğulayıb ki, Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün qanunsuz silahlı birləşmələri zərərsizləşdirmək məqsədilə lokal antiterror tədbirləri keçirib. Bu tədbirlər məhdud və mütənasib olmaqla, humanitar hüquq normalarına tam uyğun şəkildə, yüksək dəqiqlikli döyüş sursatlarının tətbiqi ilə yalnız legitim hərbi hədəflərin zərərsizləşdirilməsinə yönəlib.

Ş.Abdullayev 24 saatdan az bir müddətdə çoxlu sayda hərbi sursatın və döyüş sistemlərinin, həmçinin zenit-raket kompleksinin zərərsizləşdirilməsinin Azərbaycan ərazilərindəki erməni qanunsuz hərbiləşmələrinin dəhşətli miqyasını göstərdiyini vurğulayıb. Səfir diqqətə çatdırıb ki, heç bir suveren dövlət, o cümlədən Azərbaycan öz ərazisində qanunsuz hərbi mövcudluğu qəbul edə bilməz.

Məqalədə Azərbaycan hökuməti tərəfindən Qarabağ ermənilərinin reinteqrasiyası istiqamətində müəyyən addımlar atılmasına baxmayaraq, onların əksəriyyətinin könüllü olaraq həmin əraziləri tərk etməsi barədə məlumat verilib.

Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qarabağda sosial rifah, humanitar yardım, iqtisadiyyatın və infrastrukturun bərpası ilə bağlı məsələlərin həlli üçün Baş nazirin müavininin rəhbərlik etdiyi işçi qrupunun yaradılması haqqında Sərəncam verdiyini qeyd edərək, artıq sentyabrın 24-də Qarabağın Xankəndi şəhərinin Azərbaycanın elektrik şəbəkəsinə uğurla qoşulduğunu və müvafiq infrastrukturun bərpasında mühüm mərhələyə nail olunduğunu yazıb.

Ş.Abdullayev sonda qeyd edib ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində digər dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub insanların inteqrasiyasına xələl gətirməmək və ya qonşu dövlətlərin ərazilərində separatizmi qızışdırmamaqla bağlı bütün dövlətlərə müraciət edib. Bakı, həmçinin ölkəmizin regionda sülh, sabitlik və firavanlığa nail olmaqda real marağı olan bütün beynəlxalq tərəfdaşlarla konstruktiv əməkdaşlıq üçün açıq olduğunu vurğulayıb.

Mövzuya görə xəbərlər