Bakı. TurkicWorld:
27 sentyabr İkinci Qarabağ müharibəsində şəhid olanların anım günüdür. Şəhidlər yalnızca torpaqlarını azad etmədi, onlar insanlığa da örnək oldu.
Bu barədə TurkicWorld-in suallarını cavablandırarkən türkiyəli professor, tarixçi Şevki Karabekiroğlu deyib.
O qeyd edib ki, azərbaycanlılar tarixdə də daima insanlığa örnək olacaq addımlar atıb.
"Amma ermənilər Azərbaycanın bu haqlı addımlarını beynəlxalq ictimaiyyətə səhv tanıdır. İşğal dövründə ermənilər azərbaycanlıları öz torpaqlarından zorla, işgəncələrlə çıxardılar. İndi isə Azərbaycan öz torpaqlarında suverenliyini tam bərpa edərkən görürük ki, orada yaşayan heç bir erməni əsilli sakinin burnu belə qanamadı. Onlar könüllü şəkildə öz maşınları ilə istədikləri yerə gedirlər. Burada iki millət arasındakı mədəniyyət və insanlıq fərqini görürürük. Lakin hələ də reallıqları görməyib, yalan danışanlar var.
2020-ci il 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsi ilə Azərbaycan öz torpaqlarında 30 illik işğala son qoydu. Bu gün isə Qarabağ qanunsuz erməni silahlı birləşmələrindən təmizlənir. Azərbaycanın bu istiqamətdə yürütdüyü siyasəti, atdığı addımları təqdir edirik", - deyə Ş.Karabekiroğlu bildirib.
Qeyd edək ki, sentyabrın 27-də başlayan 44 gün davam edən və Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlanmasının ildönümüdür.
Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən azərbaycanlı əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.