Bakı. TurkicWorld:
Azərbaycanın Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində əldə olunan uğurlar və hazırda keçirilən kompleks tədbirlər bunu deməyə əsas verir ki, Qarabağda bütövlükdə vəziyyət tam nəzarət altında saxlanılır.
TurkicWorld xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib.
O bildirib ki, ərazidə olan mövcud vəziyyətin, kriminagen durumun yaxşılaşması, Azərbaycan qanunların tam işlək vəziyyətə gətirilməsi üçün adiyyəti dövlət qurumları ilə birgə, eləcə də Müdafiə Nazirliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə kompleks tədbirlər davam etdirilir:
"Əsas diqqət ona yönəlib ki, ərazidə ictimai qayda, ictimai təhlükəsizlik tam təmin edilsin, ərazidə hansısa erməni silahlı qüvvələrindən qalmış qalıqlar və yaxud silah-sursat aşkarlanarsa onların təhvil verilməsi baş versin, eləcə də mülki əhalinin təhlükəsizlik məsələləri var ki, bu da qarşımıza qoyulan vacib tələblərdən biridir. Onların tam olaraq sağlamlığı nəzarətə saxlanılır. Mülki sakinlərə qarşı hər hansı xoşagəlməz halların baş verməməsi üçün bütün tədbirlər nəzarətdə saxlanılır".