Son dəqiqə

Azərbaycan BMT Xarici İşlər Nazirliyi Ceyhun Bayramov

Ceyhun Bayramov Yuri Kimi Qarabağdakı lokal antiterror tədbirləri barədə məlumatlandırıb

Bakı. TurkicWorld:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirakı çərçivəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Yuri Kim ilə görüşüb.

Bu barədə TurkicWorld-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı regiondakı son vəziyyət əsas müzakirə mövzusu olub.

Nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın öhdəliklərinə zidd olaraq erməni silahlı qüvvələrini ölkəmizin ərazisindən çıxarmamasının, davam edən hərbi-siyasi təxribatlarının bölgədə sülh və təhlükəsizliyə əsas təhdid olduğunu diqqətə çatdırıb. ABŞ daxil olmaqla, beynəlxalq tərəfdaşlar tərəfindən bu qüvvələrin çıxarılmasına çağırış edilməməsinin erməni tərəfinin son dövrlərdə təxribatları daha da artırmasına səbəb olduğu vurğulanıb.

Sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda qondarma rejimin nümayəndələrinin bir sıra genişmiqyaslı hərbi təxribatlara və terror hücumlarına əl atdığını, nəticədə mülki şəxslərin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının həlak olduğunu, habelə Azərbaycan Ordusunun hərbi qulluqçularının yaralandığını, erməni silahlı qüvvələrinin təxribatları davam etdirmək məqsədilə döyüş mövqelərini gücləndirdiyini və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirdiyini bildirib.

Bu kimi genişmiqyaslı təxribatların qarşısının alınması, habelə Üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının ərazilərimizdən çıxarılması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlandığı diqqətə çatdırılıb, görülən tədbirlərin hədəfinin müstəsna olaraq regionda bölgədə sülh və təhlükəsizliyə əsas təhdid mənbəyi olan qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturlar olduğu, iddiaların əksinə mülki əhalinin hədəf alınmadığı, erməni sakinlərin təhlükəsizliyi üçün tərəfimizdən çağırışlar edildiyi diqqətə çatdırılıb.

Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı artan təxribatlarının, öhdəliklərə zidd olaraq bölgədə mövcudluğunu davam etdirməsinin regional sülh və sabitlik üçün ciddi təhlükə olduğu, bu səbəbdən erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılmasının, qondarma rejimin buraxılmasının, hərbi təxribatların və törətdilmiş terror aktlarının qətiyyətlə pislənməsinin və onların qarşısı alınmasının zəruri olduğu nazir tərəfindən vurğulanıb.

Nazir Ceyhun Bayramov ölkəmizin cəlb olunmuş beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirdiyi bütün səylərinə baxmayaraq, bu kimi təxribatlarının normallaşma prosesinə xələl gətirdiyini, gərginliyin azaldılmasına yönəlmiş bütün təkliflərin rədd edildiyini, Ermənistan baş nazirinin qondarma rejimi 2 sentyabr tarixində təbrik etməsinin Ermənistanın sülh prosesində maraqlı olmamasının, ərazi iddialarının davam etdiyinin göstəricisi olduğunu bildirib.

Regionda guya "blokada" və "humanitar böhran" kimi iddialara gəldikdə isə, nazir Ceyhun Bayramov bu iddiaların heç bir əsasının olmadığını, bilərəkdən "humanitar" xarakterli məsələ donu geyindirildiyini, əslində isə ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlik bir siyasi manipulyasiya olduğunu deyib. Avropa İttifaqı və ABŞ ilə aparılmış müzakirələr əsasında yollardan ardıcıl və paralel istifadə barədə razılıqlara baxmayaraq, bu razılıqlara əməl edilmədiyi xatırlanıb. Bu xüsusda, 18 sentyabr tarixində BQXK-nın iki avtomobilinin biri Ağdam-Xankəndi, digəri isə Laçın-Xankəndi yolu ilə eyni vaxtda keçidinin reallaşdırılması ilə ölkəmizə qarşı “blokada” ittihamlarının heç bir əsasının olmadığı, əslində isə qondarma, məqsədyönlü xarakter daşıdığı vurğulanıb.

Görüşdə tərəflər həmçinin bölgə ilə bağlı digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Mövzuya görə xəbərlər