Azərbaycan və Ermənistan arasında dialoqun gücləndirilməsi itkin düşənlərin axtarışı üçün zəruridir - Qaburiç

Azərbaycan və Ermənistan arasında dialoqun gücləndirilməsi itkin düşənlərin axtarışı üçün zəruridir - Qaburiç

Bakı. TurkicWorld:

Azərbaycanla Ermənistan arasında dialoq itkin düşmüş şəxslərin axtarışı üçün maksimum məlumat əldə etməyə imkan verəcək.

TurkicWorld xəbər verir ki, bunu "İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması" üzrə beynəlxalq konfransda çıxışında Moldovanın keçmiş baş naziri Kirill Qaburiç deyib.

Onun sözlərinə görə, Azərbaycanda itkin düşmüş şəxslərin sayı 4 min nəfərə yaxındır.

"İtkin düşmüş şəxslərin ailələrinə doğmalarını tapmaqda kömək etməyin bir neçə üsulu var. Öncə münaqişə tərəfləri arasında kommunikasiyanı yaxşılaşdırmaq vacibdir. Məlumat mübadiləsi bu vəziyyətdə həlledici rol oynayır", - deyə Qaburiç qeyd edib.

O vurğulayıb ki, bununla yanaşı, itkin düşmüş şəxslərin ailələrinin daimi dəstəklə təmin olunması vacibdir.

"Yaxınlarının aqibətinin naməlum qalması onların psixi və fiziki sağlamlığına ciddi, olduqca travmatik təsir göstərir", - deyə o əlavə edib.

O qeyd edib ki, dünya ictimaiyyəti itkin düşmüş şəxslər mövzusuna kifayət qədər diqqət göstərmir. Buna görə mümkün qədər çox insanın bu problemi qlobal səviyyədə müzakirə etməyə başlaması vacibdir.

Qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda beynəlxalq konfrans keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)