Rusiya XİN Fransanı Azərbaycanın mövqeyini nəzərə almağa çağırdı

Rusiya XİN Fransanı Azərbaycanın mövqeyini nəzərə almağa çağırdı

Bakı. TurkicWorld:

Fransa Bakı-İrəvan münasibətlərinin normallaşması üzrə vasitəçilik səylərində hər iki tərəfin mövqeyini nəzərə almalıdır.

TurkicWorld xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova həftəlik brifinqdə deyib.

"Bir tərəfdən, biz dəfələrlə bildirmişik ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə Rusiyanın səylərinə zidd olmayan, ələlxüsus bu səyləri təkrarlamayan istənilən təşəbbüsü müsbət qarşılayırıq.

Digər tərəfdən, Fransanın bu istiqamətdə aktivliyi bizə yaxşı məlumdur. Ən az bunun qədər önəm daşıyan isə odur ki, bu cür vasitəçilik səyləri çərçivəsində ilk növbədə hər iki tərəfin, yəni həm Ermənistanın, həm də Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır. Bu olmadan onsuz da gərgin olan vəziyyətin tənzimlənməsində hər hansı irəliləyiş gözləməyə dəyməz. Bu istənilən vasitəçiliyin alfa və omeqasıdır", - o deyib.

Qeyd edək ki, bundan əvvəl Fransa prezidenti Emmanuel Makron bildirib ki,Fransa beynəlxalq arenada "Azərbaycana təzyiqin gücləndirilməsi məqsədilə" yeni diplomatik təşəbbüslə çıxış edəcək.

Makronun bəyanatına cavab olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən bildirilib ki, Fransa prezidentinin qərəzli görüşləri sülh prosesini zədələyərək, regiondakı mövcud vəziyyətə dair yanlış təəssürat yaradır və birtərəfli qaydada Ermənistanı müdafiə edir.

"Azərbaycana qarşı 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən həyata keçirilən işğalçılıq və təcavüz əməllərini qınamayan, işğal nəticəsində 1 milyona yaxın qaçqın və məcburi köçkünün humanitar vəziyyətinə dair heç bir şərh verməyən Fransa tərəfinin indi Azərbaycanın BMT nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz torpaqlarının azad edilməsi ilə nəticələnən 2020-ci il 44 günlük Vətən müharibəsini qınaması, eləcə də, bölgədə humanitar vəziyyət ilə bağlı iddialara çıxışında xüsusi vurğu etməsi anlaşılan deyil.

Fransa prezidentinin leksikonunda “Laçın humanitar dəhlizi” kimi ifadələrə yer verməsi, bu istiqamətdə təzyiq dili ilə danışması qəbuledilməzdir və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlikdir.

Laçın yolundan və sərhəd buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinin keçdiyi, Azərbaycan tərəfindən erməni sakinlərə yüklərin daşınması üçün “Ağdam-Xankəndi” və digər alternativ yolların ayrıldığı, bütün bu səylərə baxmayaraq, bu yollardan istifadənin Ermənistan və özlərini erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən siyasiləşdirilməsi Fransa tərəfinə yaxşı məlumdur. Bu istiqamətdə cari ilin avqust ayının əvvəlində əldə olunmuş razılıqların icrasını təşviq etmək əvəzinə erməni tərəfinin təhrikçi addımlarına dəstək verən fikirlərə çıxış zamanı yer verilməsi prosesə birbaşa mane törədən amillərdəndir.

Praqada Avropa İttifaqı missiyasının və 1991-ci il Alma-Ata bəyannaməsi çərçivəsində sərhədlərin tanınması təşəbbüsünün müəllifliyinin Fransa tərəfinin olduğunu bildirən Fransa tərəfinin, nəyə görə Azərbaycan əraziləri işğal altında olan 30 ilə yaxın bir dövrdə bu kimi təşəbbüslərlə çıxış etmədiyi sualına da cavab verməsi daha faydalı olardı.

Azərbaycan tərəfi bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında qərarlıdır və bu prosesə mane törədən bütün kənar müdaxilələrin qarşısı qətiyyətlə alınacaq", - nazirliyin bəyanatında deyilir.