Beynəlxalq Olimpiya Komitəsi Qoşulmama Hərəkatının Bakı Bəyannaməsini alqışlayıb

Beynəlxalq Olimpiya Komitəsi Qoşulmama Hərəkatının Bakı Bəyannaməsini alqışlayıb

Bakı. TurkicWorld:

BOK-un prezidenti Tomas Bax Bəyannamənin qəbulunda göstərdiyi təşəbbüsə görə Prezident İlham Əliyevə təşəkkür edib

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Azərbaycanın sədrlik etdiyi və BMT-nin 193 üzv dövlətindən 120-ni birləşdirən Qoşulmama Hərəkatının Bakıda qəbul olunan Bəyannaməsini alqışlayıb.

TurkicWorld xəbər verir ki, BOK prezidenti Tomas Bax göstərdiyi dəstəyə görə Qoşulmama Hərəkatına minnətdarlıq edib.

“BOK Qoşulmama Hərəkatına üzv olan 120 dövlətin dəstəyini ürəkdən alqışlayır. Olimpiya Oyunlarının birləşdirici missiyasına bu güclü bağlılıq bizi çox ruhlandırır. Bu mühüm qətnamənin qəbulunda göstərdiyi təşəbbüsə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”, - deyə T.Bax vurğulayıb.

Yekdilliklə qəbul edilən Bəyannamədə vurğulanır ki, “Paris-2024” Olimpiya və Paralimpiya Oyunlarında bütün 206 Milli Olimpiya Komitəsinin idmançılarının iştirakı bəşəriyyətin birliyinin güclü rəmzi olacaq.

Qeyd edək ki, Bakı Bəyannaməsi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun 5-6 iyul tarixlərində Bakıda keçirilən nazirlər görüşünün yekunlarına əsasən qəbul edilib.

Bəyannamədə Qoşulmama Hərəkatına üzv ölkələr dövlətlərin ərazi bütövlüyü, suverenliyi, siyasi müstəqilliyi və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmətin əhəmiyyətini vurğulayıblar. Beləliklə, QH üzvləri BMT-nin Nizamnaməsinə əsasən daxili işlərə qarışmama prinsiplərinə riayətin, güclə hədələmədən və dövlətlərin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etmədən çəkinməyin vacibliyini vurğulayıblar.

Üzv ölkələr həmçinin beynəlxalq hüququn bu prinsiplərini dəstəkləməyi və təşviq etməyi, milli birliyin və ya dövlətlərin ərazi bütövlüyünün qismən və ya tam pozulmasına yönəlmiş istənilən cəhdlərlə mübarizə aparmağa davam etməyi öhdələrinə götürüblər.