BAKI,TurkicWorld
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 5,14 ABŞ dolları və ya 5,05% ucuzlaşaraq 96,73 ABŞ dollarına enib.
Bu barədə TurkicWorld-ə neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 4,71 dollar və ya 4,79% ucuzlaşaraq 93,54 ABŞ dolları təşkil edib.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,42 dollar və ya 6,81% azalaraq 60,49 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 5,14 dollar və ya 5,32% azalaraq 91,43 dollar/barel təşkil edib.
Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.
"Trading Economics"in məlumatına əsasən, neftin qiyməti çərşənbə axşamı bir barel üçün 81 ABŞ dolları ətrafında yüksəlsə də, investorların ABŞ və İran arasında Hörmüz boğazının tam şəkildə yenidən açılması ilə nəticələnə biləcək razılaşma perspektivini qiymətləndirməsi fonunda əvvəlki sessiyada qeydə alınan enişin böyük hissəsini qoruyub saxladı.
Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp danışıqlarla bağlı təklifinin Tehran üçün razılığa gəlmək baxımından son imkan olduğunu bildirib və Hörmüz boğazının yaxın zamanda yenidən açılacağına əminliyini ifadə edib. Qeyd edilib ki, İran isə ABŞ ilə birbaşa danışıqların aparıldığını təkzib etsə də, boğaz vasitəsilə gəmiçiliyin artırılması məqsədilə Omanla aparılan müzakirələrin irəliləyiş əldə etdiyini açıqlayıb.
"Digər tərəfdən, Türkiyə və İraq mühüm neft kəməri üzrə sazişin müddətini daha bir il uzadaraq alternativ ixrac marşrutlarını gücləndiriblər. Qazaxıstan isə qısa fasilədən sonra Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə xam neft nəqlini bərpa edib.
Bu arada, OPEC+ 2023-cü ildə tətbiq edilmiş hasilat məhdudiyyətlərinin planlaşdırılmış bərpasını tamamlayaraq növbəti kiçik həcmli hasilat artımını da təsdiqləyib", - məlumatda vurğulanıb.






