BAKI, TurkicWorld
İran vətəndaşları iğtişaşçıların sakitliyi pozmasına icazə verməməlidirlər.
TurkicWorld-un məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün İran xalqına müraciətində deyib.
Onun sözlərinə görə, ölkədə baş verən etirazlarla iğtişaşlar arasında fərq var. Hər bir vətəndaşın etiraz etmək haqqı var və İran hökuməti etirazları dinləməyə və bu istiqamətdə olan problemləri həll etməyə hazırdır.
Pezeşkian bildirib ki, lakin iğtişaşçılar ölkədə hərc-mərclik və destabillik yaratmağa çalışırlar. İğtişaşçılar bankları, ictimai nəqliyyat vasitələrini, məscidləri və digər dövlət əmlakını yandırmaqla məşğuldur.
İran prezidenti vətəndaşları belə hallar qarşısında ayıq-sayıq olmağa və iğtişaşçıların planlarına aldanmamağa çağırıb.
Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də, say haqda məlumat verilməyib.







