Son dəqiqə

Avropa İttifaqı Hollandiya onlayn ticarət haqsız rəqabət

Elektron ticarət saytlarında saxta rəylər satanlar cərimələnəcək

Bakı,TurkicWorld

Hollandiyada e-ticarətdə aldadıcı və haqsız əməllərə son qoymaq üçün 900 min avroya qədər sanksiyalar tətbiq ediləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Hollandiya İstehlakçı və Bazar İdarəsi açıqlama verib. Qurumun cümə günü verdiyi açıqlamada, e-ticarət saytları və tətbiqlərində saxta rəylər satanların ciddi cərimələrlə üzləşə biləcəyi bildirilib.

Tənzimləyici qurum indiyədək yalnız öz məhsullarını və ya xidmətlərini tanıtmaq üçün saxta rəylər alan və ya istifadə edən onlayn mağazaları cərimələyə bilirdi, lakin artıq bu cür rəyləri satanlar da hər qanun pozuntusuna görə 900.000 avroya qədər cərimə ilə üzləşə bilər.

Agentlik bildirib ki, saxta rəylər müştəriləri daha uyğun olmayan məhsulları seçməyə vadar edə və qaydalara uyğun fəaliyyət göstərən saytlara qarşı haqsız rəqabətə səbəb ola bilər.

İstehlakçı departamentinin direktoru Edvin van Houten verdiyi açıqlamada, "İstehlakçılar satıcıları müqayisə edərkən rəylərə etibar edə bilməlidirlər. Biz yanlış əməllərlə mübarizə aparmaq və biznesləri və istehlakçıları maarifləndirmək yolu ilə onlayn fırıldaqları, aldatma hallarını azaltmaq istəyirik",-deyə qeyd edib.

Son aylarda agentlik həmçinin onlayn endirimin bitməsinə qədər davam edən müddəti qeyd etməklə alıcılar üzərində təzyiq yaradan yanıldıcı geri sayım taymerlərini də araşdırmaqdadır.

Haqsız Kommersiya Fəaliyyəti Direktivi kimi Avropa İttifaqının (Aİ) qanunları da aldadıcı, yanıldıcı onlayn əməllərlə mübarizə aparmaqla istehlakçıları qorumaq məqsədi daşıyır.

Qeyd edək ki, son aylarda Avropa Komissiyası onlayn dünyanın normal oflayn mağazalar qədər ədalətli olmasını təmin etmək istədiyini açıqlamışdı.

Onu da əlavə edək ki, noyabr ayında fəaliyyətə başlayacaq yeni Komissiya da bu istiqamətdə hərəkət edərsə, Brüsselin böyük texnologiya nəhənglərini cilovlamağa yönəlmiş son qaydalarını tamamlayan yeni bir rəqəmsal xidmətlər qanunu gündəmə gələ bilər.

Mövzuya görə xəbərlər