Bakı, TurkicWorld:
İran və Bəhreyn 8 ildən sonra diplomatik əlaqələrin bərpası üçün ikitərəfli danışıqlara başlamaq qərarına gəlib.
TurkicWorld xəbər verir ki, Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zeyyani Asiya Əməkdaşlıq Dialoqu Xarici İşlər Nazirləri Toplantısında iştirak etmək üçün Tehrana gəlib. Toplantıda İran xarici işlər nazirinin müavini Əli Baqiri və Bəhreyn xarici işlər naziri arasında görüş baş tutub.
Görüşdən sonra yayılan birgə bəyanatda, iki nazirin Tehran və Manama arasında 8 il əvvəl kəsilən diplomatik əlaqələrin bərpası üçün ikitərəfli danışıqlara başlamaq barədə razılığa gəldiyi bildirilib.
Qeyd edək ki, 2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr ən-Nimr də daxil olmaqla 47 nəfərin “terrorçuluq” ittihamı ilə edam edilməsindən sonra İranda nümayişçilər ölkənin Tehrandakı səfirliyini və Məşhəd konsulluğunu yandırmışdılar. Bu hadisələrdən sonra iki ölkə arasında diplomatik əlaqələr kəsilib.
Körfəz və ərəb ölkələrinin əksəriyyəti Ər-Riyadın qərarını dəstəkləmiş və Bəhreyn də 2016-cı ilin yanvarında İranla diplomatik münasibətləri kəsdiyini elan etmişdi.
Səudiyyə Ərəbistanı 7 illik fasilədən sonra 10 mart 2023-cü ildə Çinin vasitəçiliyi ilə İranla əlaqələri bərpa etdikdən sonra Bəhreyn də bu addımı alqışladığını açıqlamışdı.