BAKI, TurkicWorld
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə işgüzar görüş keçirib.
TurkicWorld xəbər verir ki, görüşdə Azərbaycan ilə bp arasında uzunmüddətli səmərəli tərəfdaşlıq və enerji sektorunun gələcək inkişaf perspektivləri müzakirə olunub.
Nazir Mikayıl Cabbarov bp-nin Azərbaycanın enerji təhlükəsizliyinə və sənaye potensialının artırılmasına verdiyi töhfələri xüsusi qeyd edib. Görüş zamanı Azərbaycanın təşəbbüsü ilə reallaşan qlobal enerji layihələri, həmçinin ölkənin yaşıl enerji keçidi istiqamətində atdığı strateji addımlar barədə qarşı tərəfə ətraflı məlumat verilib.
Tərəflər neft-qaz əməliyyatlarında karbonsuzlaşma, innovativ metodların tətbiqi və iş proseslərinin qlobal sənaye standartlarına uyğun təkmilləşdirilməsi məsələlərini nəzərdən keçiriblər. Yaşıl enerji üzrə ortaq təşəbbüslərin dəstəklənməsi və birgə layihələrin səmərəliliyinin artırılması vasitəsilə iqtisadi dəyərin yüksəldilməsi görüşün əsas müzakirə mövzularından olub.