Bakı. TurkicWorld:
Səudiyyə Ərəbistanı və Pakistan İsraildən Qəzzada hərbi əməliyyatlara son qoymağı və münaqişənin BMT-nin qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllini tapmasını tələb edib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə Pakistanın baş naziri Şahbaz Şərif arasında Məkkədə keçirilən görüşdən sonra birgə bəyanatda bildirilib.
Onlar həmçinin BMT qətnamələrinə və paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması üçün ədalətli və hərtərəfli həll yolu tapmağa yönəlmiş Ərəb Sülh Təşəbbüsünə uyğun olaraq prosesin aparılmasının zəruriliyini müzakirə ediblər.
Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 33 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.
Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.
İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.
Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.
UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.
Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.