Qəzzaya yardımın çatdırılmasında hava və dəniz nəqliyyatı quru nəqliyyatına alternativ deyil

Qəzzaya yardımın çatdırılmasında hava və dəniz nəqliyyatı quru nəqliyyatına alternativ deyil

Bakı. TurkicWorld:

Qəzzaya yardımın çatdırılmasında hava və dəniz nəqliyyatı quru nəqliyyatına alternativ deyil.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İşğal olunmuş Fələstin Bölgəsi üzrə Humanitar Yardım Koordinatoru Jamie McGoldrick deyib.

McGoldrick internetdə qatıldığı mətbuat konfransında İsrailin hücumu altında olan Qəzza zolağındakı son vəziyyətlə bağlı açıqlamalar verib.

Keçən həftə Qəzzanın cənubundakı Rəfah şəhərinə səfər etdiyini deyən McGoldrick binaların, yolların və infrastrukturun vəziyyətindən şoka düşdüyünü, dağıntının böyük olduğunu bildirib.

McGoldrick, Qəzzaya hər gün orta hesabla 200 yük maşını yardımın daxil olduğunu, 7 oktyabr 2023-cü il tarixindən əvvəl bu rəqəmin 500 civarında olduğunu və yardımın böyük hissəsinin həssas insanlara çatdırıla bilmədiyini açıqlayıb.

Qeyd edək ki, 29 fevral tarixində Qəzza şəhərinin cənubundakı Dovar ən-Nablusi yaxınlığında yüzlərlə fələstinli yardım gözləyərkən İsrail tərəfindən atəşə tutulub.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 13 min 430-u uşaq, 8 min 900-ü qadın olmaqla, 30 mindən çox fələstinli həlak olub, 71 mindən çox adam isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

Hafiz Rufizoğlu