ABŞ Qəzzada atəşkəsin əldə edilməsinə çalışacaq - Bayden

ABŞ Qəzzada atəşkəsin əldə edilməsinə çalışacaq - Bayden

Bakı. TurkicWorld:

ABŞ olaraq, girovların azad edilməsinə dair razılaşmanın bir hissəsi olaraq ən azı altı həftə davam edəcək dərhal atəşkəsə nail olmaq üçün fasiləsiz çalışacağıq.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.

O, Qəzzaya hər cür yardımı hava, quru və dəniz yolu ilə çatdırmağa çalışacaqlarını da qeyd edib.

"İslamofobiyanın ABŞ-da qətiyyən yeri yoxdur, bu ölkə inanc azadlığı və bütün mühacirlərin, o cümlədən müsəlman immiqrantların töhfələri üzərində qurulub", - deyə o əlavə edib.

Qeyd edək ki, 29 fevral tarixində Qəzza şəhərinin cənubundakı Dovar ən-Nablusi yaxınlığında yüzlərlə fələstinli yardım gözləyərkən İsrail tərəfindən atəşə tutulub.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 mindən çox fələstinli həlak olub, 72 mindən çox adam isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

X: Lamanasadli01