Qəzzada konkret addımların atılması böyük məsuliyyətə çevrilib - Hakan Fidan

Qəzzada konkret addımların atılması böyük məsuliyyətə çevrilib - Hakan Fidan

Bakı. TurkicWorld:

Qəzzada insanların yaşadıqları bu böyük faciə və qırğına ən qısa zamanda son qoymaq və bu məqsədlə konkret addımların atılmasını təmin etmək böyük məsuliyyətə çevrilib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

"Qəzzada təkcə atəşkəs deyil, həm də iki dövlətli həllin həyata keçirilməsi vacibdir. İndi demək olar ki, bütün dünya bununla razılaşır", - deyə o əlavə edib.

H.Fidan onu da vurğulayıb ki, İsrailin müharibə cinayətləri törətməsinə beynəlxalq sistem, xüsusən də qərb mərkəzli sistem səssiz qalır.

"Lakin Qəzzada 30 mindən çox günahsız vətəndaşın qəsdən öldürülməsi münaqişənin yeni mərhələsidir. Ona görə də bu qırğının beynəlxalq sistemdə yaradacağı böhran artıq dözə bilməyəcəyimiz bir reallıqdır və dövlətlər buna uyğun addım atmalıdır”, - deyə o bildirib.

Qeyd edək ki, 29 fevral tarixində Qəzza şəhərinin cənubundakı Dovar ən-Nablusi yaxınlığında yüzlərlə fələstinli yardım gözləyərkən İsrail tərəfindən atəşə tutulub.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 mindən çox fələstinli həlak olub, 72 mindən çox adam isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

X: Lamanasadli01