Qəzzada bombardmandan sağ çıxan uşaqlar aclıqdan ölə bilər - ÜST

Qəzzada bombardmandan sağ çıxan uşaqlar aclıqdan ölə bilər - ÜST

Bakı. TurkicWorld:

Qəzzada bombardmandan sağ çıxan uşaqlar aclıqdan ölə bilər.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Qebreyesus sosial şəbəkədə Qəzzada aclıq və uşaq ölümləri ilə bağlı paylaşım edib.

“İsrail 5 aya yaxındır ki, dağıdıcı hücumlarını davam etdirir. Yardımın Qəzza zolağına daxil olmasının qarşısını almaqla bölgədə böyük bir "humanitar fəlakət" törətdiyi halda, İsrailin "aclıq siyasəti" indiyədək ən kiçiyi 14 günlük körpə olan 18 uşağın ölümünə səbəb olub.” – deyə Qebreyesus bildirib.

O, Qəzzaya daha çox humanitar yardımın çatdırılmasına icazə verməyə çağırıb.

Qeyd edək ki, 29 fevral tarixində Qəzza şəhərinin cənubundakı Dovar ən-Nablusi yaxınlığında yüzlərlə fələstinli yardım gözləyərkən İsrail tərəfindən atəşə tutulub.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 mindən çox fələstinli həlak olub, 72 mindən çox adam isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

Hafiz Rufizoğlu