Belçika Qəzzaya havadan yardım çatdıracaq

Belçika Qəzzaya havadan yardım çatdıracaq

Bakı. TurkicWorld:

Belçika Qəzzaya hava yardımı edəcəyini və ləvazimat daşıyan ilk hərbi təyyarənin martın 4-də yola düşəcəyini açıqlayıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Belçika Müdafiə Naziri Ludivine Dedonder və İnkişaf Əməkdaşlıq Naziri Caroline Gennez X hesablarında məlumat verib.

"Qəzzada on minlərlə insan həyatını itirib, 1 milyondan çox insan acdır. Humanitar yardımın qarşısı alınır və ya yardım gözləyənlər atəşə tutulur. Biz bütün bunları dayanıb seyr etməyəcəyik. Belçika Qəzza xalqına hava yolu ilə humanitar yardım göndərəcək", - deyə Ludivine Dedonder bildirib.

Qeyd edək ki, 29 fevral tarixində Qəzza şəhərinin cənubundakı Dovar ən-Nablusi yaxınlığında yüzlərlə fələstinli yardım gözləyərkən İsrail tərəfindən atəşə tutulub.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 mindən çox fələstinli həlak olub, 70 mindən çox adam isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

X: Lamanasadli01