Türkiyə İsrailin Fələstinə hücumlarına səssiz qala bilməz - XİN nümayəndəsi

Türkiyə İsrailin Fələstinə hücumlarına səssiz qala bilməz - XİN nümayəndəsi

Bakı. TurkicWorld:

Türkiyə İsrailin Fələstin xalqına qarşı hücumlarına səssiz qala bilməz.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız Haaqada Türkiyə XİN adından təqdimatda çıxışı zamanı deyib.

"Türkiyə Cümhuriyyəti regionla güclü əlaqələri olan bir ölkədir. Təkcə ərəblərlə deyil, yəhudilərlə də. Əsrlər əvvəl Avropada zülmə məruz qalan yəhudilər də Türkiyəyə sığınıb. Biz heç vaxt bu insanlara ayrı-seçkilik etməmişik. Türkiyə İsrailin hazırda işğal altında olan Fələstin torpaqlarının statusunu dəyişmək cəhdlərinə məhəl qoymaya bilməz", - deyə o vurğulayıb.

Ə.Yıldız onu da qeyd edib ki, Fələstinlilər İsrailin işğalı altında çox çətin şəraitdə yaşayırlar.

"On illərdir davam edən İsrail işğalı Fələstin xalqının öz haqlarından məhrum edilməsinə səbəb olub. Fələstinlilərin yaşayış yerləri müsadirə edilib, dolanışıq vasitələri ələ keçirilib. Bu hadisələr 21-ci əsrdə də davam edir", - deyə o əlavə edib.

Türkiyə XİN nümayəndəsi onu da vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının əsas vəzifəsi beynəlxalq sülh və sabitliyi təmin etmək və qorumaqdır, lakin təşkilat bu vəzifəni yerinə yetirə bilməyib.

Qeyd edək ki, 26 yanvar tarixində Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Cənubi Afrika Respublikasının İsrailə qarşı qaldırdığı “soyqırım” işi üzrə müvəqqəti tədbirlər tələbi ilə bağlı qərarını açıqlayıb. Məhkəmə İsrailin mühakimə olunacağını bildirib və İsraildən bir ay ərzində hesabat təqdim etməyi tələb edib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 min fələstinli həlak olub, 70 min nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

X: Lamanasadli01