Bakı. TurkicWorld:
Hollandiya F-35 qırıcılarının hissələrini İsrailə satmayacaq.
TurkicWorld xəbər verir ki,bu barədə Hollandiyanın apellyasiya məhkəməsi tərəfindən qərar verilib.
Açıqlamada İsrailin Qəzzaya hücumlarında mülki vətəndaşlara dəyən zərəri nəzərə almadığı vurğulanıb və Hollandiyaya F-35 hissələrinin İsrailə ixracını yeddi gün ərzində dayandırması əmri verildiyi bildirilib.
Qeyd edək ki, 26 yanvar tarixində Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Cənubi Afrika Respublikasının İsrailə qarşı qaldırdığı “soyqırım” işi üzrə müvəqqəti tədbirlər tələbi ilə bağlı qərarını açıqlayıb. Məhkəmə İsrailin mühakimə olunacağını bildirib və İsraildən bir ay ərzində hesabat təqdim etməyi tələb edib.
Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 340 nəfərə çatıb.