Fələstində sağlamlıq mərkəzlərinə 700-dən çox hücum edilib - ÜST

Fələstində sağlamlıq mərkəzlərinə 700-dən çox hücum edilib - ÜST

Bakı. TurkicWorld:

Fələstində sağlamlıq mərkəzlərinə edilən 721 hücumu sənədləşdirdik.

TurkicWorld-un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Tarik Jasareviç deyib.

Jasareviç, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransında, İsrailin blokadada olan Fələstin ərazilərindəki sağlamlıq mərkəzlərinə və işçilərinə qarşı intensiv hücumları və hücumları ilə bağlı qiymətləndirmələr edib.

İnsanların rahatlıqla tibbi yardım ala biləcəkləri xəstəxanalarda özlərini hər zaman güvəndə hiss etmələri lazım olduğunu vurğulayan Jasareviç, insanların sağlamlıq xidmətinə müraciət etmək qorxusunun xəstəxanalara girişini daha da məhdudlaşdıracağını bildirib.

"ÜST oktyabrın 7-dən bəri işğal olunmuş Fələstin ərazilərində səhiyyə xidmətlərinə 721 hücumu sənədləşdirib. Bu hücumların 357-si Qəzzada baş verib və 645 nəfərin ölümü ilə nəticələnib" – deyə o qeyd edib.

Jasareviç vurğulayıb ki, tibb işçiləri, xəstəxanalar və xəstələr heç vaxt hədəf olmamalıdır və həmişə qorunmalıdır.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 30 minə yaxınlaşıb.

Hafiz Rufizoğlu