Son dəqiqə

Xüsusi günlər 9 May - Faşizm üzərində qələbə günü

Faşizm üzərində qələbə günündən 78 il ötür

Bakı. TurkicWorld:

Artıq 78 ildir ki, 9 may - faşizm üzərində Qələbə günü təntənəli surətdə qeyd olunur. Bu qələbə heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənlərimiz, Azərbaycanın mərd övladları bu Qələbə naminə canlarından-qanlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq həm də doğma Azərbaycan torpağını qoruyublar. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur. Əgər o vaxt Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə ilə bitə bilməzdi.

Xatırladaq ki, müharibənin ilk dövründə qüvvələr nisbəti düşmənin xeyrinə idi. Düşmənin qəfil hücumu nəticəsində sovet ordusunun çoxlu sayda canlı qüvvəsi əsir alınmış, xeyli hərbi texnikası sıradan çıxarılmışdı. Faşist Almaniyası işğal etdiyi Avropa ölkələrinin iqtisadi və hərbi potensialını öz əlində cəmləşdirmişdi. Lakin «Hər şey cəbhə üçün, hər şey qələbə üçün!» şüarı altında bütün Sovet xalqları birləşdi. Bununla da düşmənin hücumları nəinki dayandırıldı, faşistlər Moskva, Stalinqrad, Kursk və başqa döyüşlərdə ən ağır və sarsıdıcı məğlubiyyətə uğradıldı, 1945-ci ildə isə tamamilə məğlub edildilər.

Bu gün Qələbənin 78 illiyinin qeyd edilməsinin əsl səbəbkarları, düşmənin məğlub edilməsində böyük şücaətlər göstərmiş, canlarından keçməyə hazır olduqlarını nümayiş etdirmiş, başqa xalqların nümayəndələri ilə birlikdə müharibədə iştirak edərək və dünyanı faşizmdən xilas etməyə nail olmuş soydaşlarımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq. Çünki faşizm üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının ön və arxa cəbhələrdə göstərdikləri şücaətlər danılmazdır.

Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçib.

Respublika iqtisadiyyatının cəbhə yoluna keçirilməsi məqsədilə böyük işlər görülüb. Yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başlayıb. Qısa müddətdə Bakı döyüşən ordunun ən mühüm cəbhəxanasına çevrilib. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər.

Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hava flotu (aviasiya) benzini almaq üçün yeni texnologiya yaradılıb. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 milyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər.

Qətiyyətlə demək olar ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amillərdən biri oldu. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını bir daha sübut etdi.

Mövzuya görə xəbərlər