Son dəqiqə

Yeni Krallıq dövrü Tutanxamon Kral Tutanxamonun məqbərəsi Tutanxamonun qızıl maskası Hovard Karter

Kral Tutanxamonun məqbərəsindən tapılan 9 heyrətamiz artefakt

BAKI,TurkicWorld Orxan Qədirzadə

1922-ci il noyabrın 4-də britaniyalı arxeoloq Hovard Karter və misirli mütəxəssislər Misirin Krallar vadisində 3 min ildən artıq müddət qum altında qalmış Tutanxamonun məqbərəsini aşkar ediblər. Məqbərədən 5 mindən çox qiymətli artefaktın tapılması arxeologiya tarixinin ən mühüm kəşflərindən biri hesab olunur.

Məqbərənin ən diqqətçəkən xüsusiyyətlərindən biri onun digər fironların məqbərələri kimi tamamilə talan edilməməsi idi. Buna görə burada hökmdarın gündəlik həyatından dəfn mərasiminə qədər müxtəlif sahələri əks etdirən çoxsaylı əşyalar qorunub.

Meteoritdən hazırlanmış dəmir xəncər

Tutanxamonun məqbərəsindən tapılan dəmir xəncər xüsusilə diqqət çəkir. Çünki fironun yaşadığı dövrdə dəmir istehsalı hələ geniş yayılmamışdı. Alimlər xəncərin dəmirinin meteorit mənşəli olduğunu müəyyən ediblər.

Qızıl üzüklərlə dolu kətan parçası

Taxta sandıqda tapılan sadə kətan parçanın içindən bir neçə qızıl üzük çıxıb. Bu tapıntı məqbərənin dəfn mərasimindən qısa müddət sonra oğrular tərəfindən qarət edildiyini göstərən sübutlardan biri sayılır.

Ehtimal olunur ki, oğrular qızıl əşyaları götürmək istəyərkən yaxalanıb və üzükləri orada qoyaraq qaçıblar.

Senet oyunu

Məqbərədə Tutanxamonun dörd senet oyun dəsti tapılıb. Qədim Misirdə məşhur olan bu stolüstü oyunun qaydaları tam məlum deyil.

Oyunun yalnız əyləncə vasitəsi olmadığı, axirət həyatı ilə bağlı simvolik məna daşıdığı düşünülür.

Tutanxamonun ölü doğulan qızları

Məqbərədə iki kiçik tabut aşkar edilib. Onların içində Tutanxamonun ölü doğulan iki qızının mumiyalanmış qalıqları olub.

Tədqiqatçılar döl qalıqlarından birinin təxminən 25, digərinin isə 37 həftəlik olduğunu müəyyənləşdiriblər.

Qızıl sandallar

Tutanxamonun məqbərəsindən tapılan qızıl sandallar da diqqətçəkən artefaktlardandır. Sandalların alt hissəsində Misirin doqquz ənənəvi düşməninin təsvirləri yerləşdirilib.

Bu, fironun simvolik olaraq düşmənlərinin üzərində addımlamasını ifadə edirdi.

413 ushabti heykəlciyi

Məqbərədə 413 ushabti adlı kiçik dəfn heykəlciyi tapılıb. Qədim misirlilər bu fiqurların axirətdə ölünün əmrlərini yerinə yetirəcəyinə inanırdılar.

Bəzi heykəlciklər bel, yaba və digər əmək alətləri ilə təsvir olunub.

Fironun paltarları

Məqbərədə Tutanxamonun gündəlik geyimləri ilə yanaşı, çoxsaylı paltarları da aşkar edilib. Tapıntılar arasında 145 kətan bel örtüyü, 100 sandal, 12 tunika, 28 əlcək, 25 baş örtüyü və dörd corab olub.

Fironun paltarlarının toxunuş sıxlığı adi Misir kətanlarından xeyli yüksək idi.

Orqanların saxlandığı qızıl örtüklü məbəd

Mumiyalama zamanı fironun ağciyərləri, qaraciyəri, bağırsaqları və mədəsi çıxarılaraq xüsusi qablaşdırılırdı. Tutanxamonun orqanları alabastr qablarda saxlanılır və üzəri qızılla örtülmüş möhtəşəm taxta məbədin içərisində yerləşdirilirdi.

Məbədin dörd tərəfində ölüm və dəfnlə əlaqəli tanrıçalar — İsida, Neftida, Neit və Selket təsvir olunub.

Məşhur qızıl ölüm maskası

Tutanxamonun ən məşhur artefaktı, şübhəsiz, 22 funt, yəni təxminən 10 kiloqram ağırlığında olan qızıl ölüm maskasıdır.

Maska gənc fironu Osiris obrazında göstərir. Karter məqbərənin daxilindəki bir neçə qızıl örtüklü məbəd və tabutun ardınca fironun mumiyasına çatıb. Mumiyanın sarğıları arasında isə 143 amulet, bilərzik, boyunbağı və digər qiymətli əşyalar aşkarlanıb.

Tutanxamonun məqbərəsinin kəşfi qədim Misirin dəfn adətləri, kral həyatı və axirətə dair inancları haqqında mühüm məlumatlar verib.

Mövzuya görə xəbərlər