BAKI,TurkicWorld,Yusif Şərifzadə
Yəməndə fəaliyyət göstərən husi hərəkatının lideri Seyid Əbdülməlik əl-Husi ABŞ və İsraili Yaxın Şərqdəki gərginliyin əsas səbəbkarları olmaqda ittiham edib.
TurkicWorld xəbər verir ki, əl-Husi televiziya ilə yayımlanan çıxışında ABŞ və İsrailin bölgədə həyata keçirdiyi siyasəti sərt tənqid edib.
O bildirib ki, ABŞ və İsrail dünyada "şərin və sabitsizliyin mənbəyidir".
Husi lideri iddia edib ki, ABŞ, İsrail və onların müttəfiqləri müharibələri təşviq etməklə və müxtəlif ölkələrin sərvətlərini mənimsəməklə bölgədə gərginliyi dərinləşdirirlər.
Əl-Husi həmçinin İsrailin həyata keçirdiyini iddia etdiyi layihənin məqsədinin Yaxın Şərqin xəritəsini dəyişdirmək və "Böyük İsrail" yaratmaq olduğunu irəli sürüb.
Onun sözlərinə görə, bu siyasət bölgədə baş verən müharibələrin əsas səbəblərindən biridir.
Husi lideri ABŞ, İsrail və onların müttəfiqlərinin beynəlxalq razılaşmalara və Birləşmiş Millətlər Təşkilatının qərarlarına hörmət etmədiyini də iddia edib.
Əl-Husi çıxışında Səudiyyə Ərəbistanını da tənqid edərək, krallığın ABŞ, İsrail və Böyük Britaniyanın bölgədəki məqsədlərinə xidmət etdiyini iddia edib.
O, həmçinin Səudiyyə Ərəbistanının Yəməndəki hərbi əməliyyatlarının hüquqi əsasının olmadığını və bunun ABŞ və İsrail ilə əməkdaşlıq çərçivəsində həyata keçirildiyini irəli sürüb.
Səudiyyə Ərəbistanı, ABŞ və İsrail tərəfi bu ittihamlarla bağlı hələlik rəsmi açıqlama verməyib.







