BAKI,TurkicWorld,Yusif Şərifzadə
BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) bəyan edib ki, sülhməramlılar ölkənin cənubunda sabitliyin qorunmasına dəstək vermək üçün mövqelərində qalmağa davam edirlər.
TurkicWorld xəbər verir ki, UNIFIL-in Telegram kanalında yayılan açıqlamada bildirilib ki, sülhməramlılar BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə uyğun olaraq vəziyyəti izləyir və qeydə alınan pozuntular barədə məlumat verir.
Qeyd olunub ki, 1701 saylı qətnamə İsrail ilə Hizbullah arasında hərbi əməliyyatların tam dayandırılmasını, İsrail–Livan sərhədi ilə Litani çayı arasında silahsızlaşdırılmış bufer zonanın yaradılmasını və Livanda fəaliyyət göstərən bütün silahlı qrupların tərksilah edilməsini nəzərdə tutur.
UNIFIL bəyan edib ki, sülhməramlıların fəaliyyətinə hərəkət azadlığının məhdudlaşdırılması mane olur. Açıqlamaya əsasən, yolların müxtəlif maneələr, dağıntılar və digər əngəllər səbəbindən bağlanması zəruri patrul və təhlükəsizlik əməliyyatlarının müvəqqəti dayandırılmasına səbəb olur.
Bununla yanaşı, missiya bütün çətinliklərə baxmayaraq, şəxsi heyətin mövqelərində qaldığını və Livanın cənubunda sabitliyin qorunmasına dəstək vermək öhdəliyinə sadiq olduğunu vurğulayıb.






