BAKI, TurkicWorld, Orxan Qədirzadə
1964-cü il fevralın 25-də 22 yaşlı Kassius Kley (sonradan Məhəmməd Əli) boks dünyasını lərzəyə gətirərək, favorit hesab edilən Sonni Listonu məğlub edib və ilk ağır çəki dünya çempionu titulunu qazanıb.
Boks tarixinin ən böyük sürprizlərindən biri hesab olunan bu qarşılaşma gənc Kleynin dünya arenasına möhtəşəm girişi kimi yadda qalıb. Keçmiş çempion Co Luis bu qələbəni "boks tarixinin ən böyük alt-üst oluşu" adlandırıb.
"Kəpənək kimi uç, arı kimi sanc"
Mütəxəssislər Floyd Pattersonu iki dəfə birinci raundda darmadağın edən Sonni Listonu 8-in 1-ə nisbətində favorit hesab edirdilər. Lakin gənc Kley özünəinamlı şəkildə qələbə qazanacağını, "kəpənək kimi uçub, arı kimi sancacağını" və Listonu 8-ci raundda nokaut edəcəyini proqnozlaşdırırdı.
Kleyə proqnozunu doğrultmaq üçün daha az vaxt lazım oldu – Liston çiynindən zədə aldığını bildirərək 7-ci raundun zənginə cavab vermədi. Beləliklə, dünya boks tarixində yeni bir dövr – Məhəmməd Əli dövrü başladı.
İslam və Məhəmməd Əli Adı
Qələbədən iki gün sonra Kley "İslam Milləti" (Nation of Islam) təşkilatına qoşulduğunu və adını Məhəmməd Əli olaraq dəyişdirdiyini elan etdi. O, bu addımı ilə təkcə idmanda deyil, həm də irqi ayrı-seçkiliklə mübarizədə və siyasi arenada XX əsrin ən nüfuzlu simalarından birinə çevrildi.
Məhəmməd Əli karyerası boyu bir çox sınaqlardan keçib:
1967-ci ildə Vyetnam müharibəsində iştirakdan imtina etdiyi üçün titulları əlindən alındı.
1974 Corc Formanla Zairdəki ("Rumble in the Jungle") döyüşdə titulunu geri qaytardı.
1978-ci ildə ağır çəkidə üç dəfə dünya çempionu olan ilk boksçu kimi tarixə düşdü.
Boks əfsanəsi 2016-cı il iyunun 3-də vəfat etsə də, onun "qeyri-mümkün sadəcə bir sözdür" fəlsəfəsi bu gün də milyonlarla insan üçün ilham mənbəyi olaraq qalır.