Hərbi qulluqçuların "Texnofest Azərbaycan"da iştirakı yüksək qiymətləndirilib

Hərbi qulluqçuların "Texnofest Azərbaycan"da iştirakı yüksək qiymətləndirilib

Bakı. TurkicWorld:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov “Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalının təşkilində, eləcə də keçirilməsində fəal iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçularını mükafatlandırıb.

Müdafiə Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, qeyd edilib ki, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq nümunələrindən biri olan festivalda hər iki ölkənin hərbi pilotlarının birgə uçuşları, Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının çıxışları, eləcə də Müdafiə Nazirliyi üçün ayrılan pavilyonda təqdim olunan müasir hərbi-texniki avadanlıqlar ziyarətçilərin böyük marağına səbəb olub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın festivalda çıxışlarının Ordumuzda təhlili və şəxsi heyət arasında təbliğ edilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Hər iki qardaş ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının dostluq münasibətlərinin mühüm rol oynadığını bildirən nazir 2021-ci il iyunun 5-də imzalanan "Şuşa Bəyannaməsi"nin bu istiqamətdə atılan mühüm addımlardan biri olduğunu diqqətə çatdırıb. Bəyannamənin tələblərindən irəli gələn fəaliyyətlərin Azərbaycan Ordusunda planlı şəkildə yerinə yetirildiyi qeyd olunub.

Sonda “Texnofest Azərbaycan” festivalında iştirak edən hərbi qulluqçuların təltif edilməsi barədə müdafiə nazirinin əmri aidiyyəti üzrə çatdırılıb. Əmrə əsasən festivalda fəal iştirak edən hərbi qulluqçular fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandılıblar.