Day.Az portalı "TEKNOFEST Azərbaycan" Festivalının "Ən Aktiv Media Tərəfdaş"ı adı ilə təltif olunub

Day.Az portalı "TEKNOFEST Azərbaycan" Festivalının "Ən Aktiv Media Tərəfdaş"ı adı ilə təltif olunub

Bakı. TurkicWorld:

Xəbər verdiyimiz kimi, Bakıda keçirilən "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı artıq başa çatıb.

Festival çərçivəsində tədbiri mediada geniş işıqlandırdığına görə Day.Az portalı "Ən Aktiv Media Tərəfdaş"ı adı ilə təltif olunub.

"Ən Aktiv Media Tərəfdaş" adı Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev və "TEKNOFEST" İdarə Heyətinin sədri, T3 Fondu Qəyyumlar Şurasının sədri Səlcuq Bayraktar tərəfindən verilib.

Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçirilib.

Bakıda "Teknofest" Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilib. Eyni zamanda Bakıda "Teknofest" in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

"Teknofest" tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və "Baykar Makina" şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.