Son dəqiqə

Azərbaycan İran Baş Gömrük İdarəsi Qubadlı

İrandan Ermənistana gedən yük avtomobili Qubadlıda saxlanılıb, narkotik aşkarlanıb

Bakı. TurkicWorld:

Azərbaycandan keçməklə İrandan Ermənistana gedən yük avtomobili Qubadlıda saxlanılıb, narkotik aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən TurkicWorld-ə verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ermənistan Respublikasına yük aparan İran İslam Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz Axor” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti zamanı saxlanılıb və sürücüdən avtomobildə gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə mütləq bəyan edilməli olan hər hansı predmetlərin, o cümlədən narkotik və psixotrop maddələrin olub-olmaması soruşulub.

O, isə öz növbəsində idarə etdiyi avtomobildə mütləq bəyan edilməli və gömrük nəzarətindən gizlədilmiş heç bir predmetin olmadığını bildirib.

Bundan sonra avtomobil əsaslı yoxlanılıb və yük nəqliyyat vasitəsinin kabinində gizlədilən 4,017 qram narkotik vasitə - həşiş qətranı, 8 ədəd üzərində “ddp/M20” nişanəsi olan metadon həbləri, üzərində “Alprazolam 1mg” yazısı olan konvalyut kəsiyində 2 ədəd həb və 30,132 qram narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, metadon «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»in II Siyahısına daxildir və 8 ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edir.

Alprazolam isə «Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr»in III Siyahısına daxildir və 2 ədəd həbdə alprazolamın təsir maddəsinin ümumi miqdarı 0,002 qram təşkil edir.

Mövzuya görə xəbərlər