İlk növbədə xüsusi vurğulayaq ki, məhv edilən tarixi abidələrin bərpası kifayət qədər dəqiq araşdırma tələb edən mühüm bir prosesdir. Söhbət hər hansı sıradan tikilinin bərpasından getmir. Söhbət məhz tarixi-mədəni dəyəri olan, elmi tədiq olunmalı və işğalçılar tərəfindən tarixi faktları məhv edilən abidələrdən gedir.
Bunu TurkicWorld-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.
Onun sözlərinə görə, ilkin şəkildə Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq işğaldan azad olunmuş ərazilərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri tərəfindən tarix və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə abidələrin və mədəniyyət müəssələrinin monitorinqləri həyata keçirilib.
"Monitorinqlər zamanı dövlət qeydiyyatında olan 403 tarix-mədəniyyət abidəsinə baxış keçirilib. Dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 162 obyektin monitorinqi aparılıb. Monitorinqlər Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın və Kəlbəcər rayonlarını əhatə edir.
Şuşa şəhərinin “Bərpa təlimatı” hazırlanıb. Sənəddə işğalın nəticələri və səbəb olduğu dağıntılar, abidələrin monitorinqi və inventarlaşdırılması, abidələrin bərpası və regenerasiyası, bərpa prosesi, abidələrin identifikasiya və lokalizasiya məlumatları, tikililərin tipologiyası və xüsusiyyətləri, abidələrin bərpa statusu və risk faktorları, onların qorunması üçün təcili mühafizə tədbirləri, tarixi-memarlıq tədqiqatları və memarlıq tipologiyası öz əksini tapıb",N. Allahyarova deyib.
N. Allahyarova əlavə edib ki, “İşğaldan azad olunmuş şəhər və rayonlarda tarix-mədəniyyət abidələrinin qorunması və bərpası ilə əlaqədar “yol xəritəsi” hazırlanaraq aidiyyəti üzrə təqdim olunub:
"Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müraciəti əsasında Şuşa, Ağdam və Füzuli rayonlarının Baş planı ilə bağlı müvafiq rəy də hazırlanıb aidiyyəti üzrə göndərilib. Eyni zamanda Xocavənd rayonunda “Azıx-Tağlar mağara düşərgələri” Dövlət Tarix-Arxeoloji Qoruğunun təsis edilməsi məsələsi ilə bağlı müzakirələr aparılıb və müvafiq sənədlər razılaşdırılması məqsədilə hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
Təəssüflə qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılmış, eyni zamanda bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq xalqımızın milli mənəvi dəyərləri təhqir edilib.
İşğal dövründə yalnız müsəlman tarixi dini-memarlıq abidələrinə deyil, həmçinin xristian tarixi-dini abidələrinə münasibətdə də vəziyyət analojidir.