Bakıda batut gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Bakıda batut gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Fevralın 12-də Bakı Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kubokunun təntənəli açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə iştirakçı ölkələrin bayraqları nümayiş etdirilib, Azərbaycanın dövlət himni səsləndirilib.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın 12-13-də Milli Gimnastika Arenasında keçiriləcək.

Yarışda 13 ölkədən 63 idmançının iştirakı gözlənilir. Dünya kubokuna qatılmaq məqsədilə ölkəmizə səfər edəcək batutçular iki yarış günü ərzində Beynəlxalq Gimnastika Federasiyasının yeni qaydaları əsasında mübarizə aparacaqlar. Yarışların ilk günü təsnifat mərhələsi, ikinci günü isə kişilər arasında ikinci təsnifat və final mərhələləri (kişilər və qadınlar) keçiriləcək. Qeyd edək ki, qədəm qoyduğumuz yeni Olimpiya dövründə batut gimnastikası üzrə yarışlarda təsnifat mərhələsində 31-dən artıq iştirakçı olduqda ikinci təsnifat mərhələsi keçirilir. Yarışların miqyası və iştirakçıların sayından asılı olaraq ikinci təsnifatda müvafiq olaraq 16 və ya 24 iştirakçı olur.

Azərbaycanı bu yarışda yığma komandanın üzvü Selcan Maqsudova təmsil edəcək.