Şuşa, TurkicWorld
44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ölkəmizin bütün bölgələrində olduğu kimi, işğaldan azad edilmiş Şuşa şəhərində də ehtiramla yad olunub.
TurkicWorld xəbər verir ki, anım tədbirində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, məktəblilər, doğma yurdlarına qayıtmış Şuşa sakinləri iştirak ediblər.
Mərasim iştirakçıları Şuşa şəhərindəki Şəhidlər Xiyabanında xatirə lövhəsinin önünə gül dəstələri qoyublar.
Şəhidlərin xatirəsi yad olunub, ruhlarına dualar oxunub. Sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.
Ölkənin bütün ərazisində olduğu kimi, Şuşa şəhərində də saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, sentyabrın 27-də başlayan 44 gün davam edən və Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlanmasının ildönümüdür.
Vətən Müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.