Bakı. TurkicWorld:
Ədliyyə nazirinin müvafiq əmri ilə Elşad Məmmədli Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.
TurkicWorld xəbər verir ki, Elşad Məmmədli 1986-cı ildə anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2010-2012-ci illərdə Almaniyanın Julius Maksimilian Vürzburq Universitetində Avropa hüququ ixtisası üzrə magistratura təhsili alıb, həmçinin həmin dövrdə Universitetin hüquq fakültəsində elmi işçi kimi fəaliyyət göstərib.
Elşad Məmmədli 2013-2019-cu illərdə Azərbaycan Dövlət Neft Fondunun Hüquq Departamentində hüquq məsləhətçisi və baş hüquq məsləhətçisi vəzifələrində çalışıb. Həmçinin 2017-2022-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin SABAH qruplarında mülki hüquq fənnini tədris edib.
Qeyd edək ki, Elşad Məmmədli 2019-2023-ci illərdə Almaniyanın Martin-Luter adına Halle-Vittenberq Universitetində müqayisəli hüquq üzrə doktorantura təhsili alıb və həmin dövrdə mülki hüququn müxtəlif sahələrində bir çox elmi tədqiqatlar aparıb.
O, bu vəzifəyə təyin olunanadək Almaniyanın nüfuzlu "Lupp+Partner Partnerschaft mbB" hüquq şirkətində hüquq məsləhətçisi vəzifəsində çalışıb.