Ermənistanın işğaldan azad olunan ərazilər üzrə mina xəritələrini Azərbaycana tam verməməsi ciddi problem yaradır. Minaların təmizlənməsi uzun illər alan bir prosesdir.
Bunu Trend-ə açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert İbrahim Rüstəmli deyib.
O bildirib ki, keçən il sentyabrın 27-də ordumuzun başlatdığı əks-hücum əməliyyatı nəticəsində torpaqlarımız erməni işğalından azad olundu. Bu gun işğaldan azad etdiyimiz torpaqlarda ermənilərin basdırdıqları minaların tapılıb zərərsizləşdirilməsi ilə bağlı mütəxəssislərimiz var gücü ilə çalışırlar.
"Xəritələrin bizə təqdim olunmaması problemi daha da dərinləşdirir. İnsanların qanunsuz formada minalanmış sahələrə daxil olması onların həyatı üçün böyük təhlükədir. Sivil insanlar bilməlidirlər ki, minalanmış ərazilərə giriş qadağan olunubsa, deməli, həmin ərazidə təhlükə var. İnsanları diqqətli olmağa, rəsmi məlumatlara riayət etməyə çağırıram. Əks təqdirdə, itkilərin sayı çox olacaq.
Ermənilər ərazilərimizdə minaları pərakəndə şəkildə basdırıblar. Buna görə də onların bizə verdiyi xəritlərin çoxu qeyri-dəqiqdir. Ümumiyyətlə, ermənilərin verdiyi xəritələrə güvənmək olmaz. İşimizi etibarlı tutmalıyıq ki, dinc insanlar, hərbçilər öz həyatlarını itirməsinlər. Partlamamış sursatlarla da bütün hallarda ehtiyatlı davranmaq lazımdır", - deyə o bildirib.
Qeyd edək ki, statistik təhlillərə görə, mina hadisələrinin 51%-i azad edilmiş ərazilərə qanunsuz daxilolma zamanı, 26%-i təmizlənmiş ərazidən kənara çıxma hallarında baş verib.
Ərazilər azad edildikdən sonra mülki şəxslər arasında 73 nəfər mina hadisələrinin qurbanı olub, onlardan 49 nəfəri yaralanıb, 24 nəfəri isə ölüb.