Ulu Öndərin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir - Sevil Mikayılova

Ulu Öndərin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir - Sevil Mikayılova

Bakı. TurkicWorld:

Hər il dekabrın 12-də xalqımız şanlı tarix yaradan, zamanın çətin sınaqlarına mətin iradəsi ilə sinə gərən, tarix yaradan dahi şəxsiyyəti, sözün bütün anlamlarında Dahi Lider Heydər Əliyevi minnətdarlıq hissi ilə anır.

Misilsiz xidmətləri ilə xalqın böyük etimad və məhəbbətini qazanmış Ulu Öndərin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir.

Bu gün dünyada öz imzası ilə seçilən qüdrətli Azərbaycan məhz Heydər Əliyevin siyasi liderliyi ilə həqiqi müstəqilliyinə qovuşmuş müasir dövlətdir.

Xalqın təkidi ilə 1993-cü ildə hakimiyyətə qatyıtmış Ulu Öndər Heydər Əliyev Azərbaycanı hüquqi və siyasi-iqtisadi suveren dövlət prinsiplərinə əsaslanaraq, uğurla irəliyə aparmağa müvəffəq oldu. Onun rəhbərliyi altında ölkənin sürətli sosial-iqtisadi yüksəlişi, təhlükəsizliyi, ictimai sabitliyinin təmin edilməsi ilə cəmiyyətin demokratik əsaslarla inkişafı üçün lazımi mühit formalaşdı.

Müasir Azərbaycan tarixində cəmiyyətin inklüziv inkişafı üçün bir çox yeni sahələrin yaranması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu Öndər Heydər Əliyevin hələ 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək, SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrilmişdi. Xüsusi vurğulanmalıdır ki, milli-ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi.

1990-cı ildə Azərbaycan xalqının tarixində ağır, çətin bir dövr oldu, erməni işğalı, qaçqın seli, iqtisadi tənəzzül, siyasi böhran, ən acınacaqlısı isə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi ilə üz-üzə qalan xalq ölüm-dirim mübarizəsinə qalxdı. Belə bir məsuliyyətli və çətin dönəmdə bir qrup Azərbaycan ziyalısı Heydər Əliyevə müraciət edərək, Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi.

Xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və iyunun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Bundan sonrakı dövrdə isə Azərbaycanın inkişaf və tərəqqi dövrü başlandı. Həmin çətin dövrdə müasir Azərbaycanın dövlətçilik ənənələrinin əsası qoyuldu. Xalq öz lideri ətrafında birləşdi, millətin ümid yeri Heydər Əliyev oldu.

Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin ictimai həyatında fərqli bir dövr başladı. 1994-cü ilin sentyabr ayının 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dünya iqtisadiyyatında yer tutması üçün zəruri zəmini formalaşdırdı.

1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı həyata keçirilən ilk tədbirlər və hazırlanan Dövlət Proqramları bilavasitə Ulu Öndər Heydər Əliyevin gərgin əməyinin nəticəsidir. Ümummilli Liderin dövlət siyasətində ordu quruculuğu, milli mətbuatın inkişafı, Azərbaycan dilinin qorunması kimi amillər başlıca istiqamətlər olub.

1997-2003-cü illərdə ÜDM 74,8%; sənaye məhsulu 30,8%; kənd təsərrüfat məhsulu 58,0%; əsaslı vəsait qoyuluşu isə 4,7 dəfədən çox artıb, adambaşına düşən ÜDM-in həcmi 1993-cü ildə 179,9 dollar, 1995-ci ildə isə 319,3 dollar olduğu halda, bu rəqəm 2003-cü ildə 1995-ci ilə nisbətən 4,9 dəfədən çox artaraq, 879,7 dollara, xarici ticarət dövriyyəsinin həcmi 4 dəfə artaraq, 5,28 milyard dollara çatıb, habelə ticarət dövriyyəsinin ümumi strukturunda idxal 3,9 dəfə, ixrac isə 4,1 dəfə artıb.

Bütün bunların fövqündə Ulu Öndərin ən ali arzusu Azərbaycan torpaqlarını işğaldan azad etmək idi. Onun xalq qarşısında misilsiz xidmətləri çoxdur, lakin Azərbaycan üçün ən böyük xidməti özündən sonra xalqımıza bəxş etdiyi siyasi varisidir. Hedər Əliyev prinsiplərinə sədaqəti ilə xalqımızı tarixi Zəfərə qovuşduran Prezident İlham Əliyev Ulu Öndərin arzularını gerçəkləşdirməklə yeni dövlətçilik ənənəsini də yaratmış oldu. İndi xalqımız məğrur, qalib və məsuddur. Ulu Öndər Heydər Əliyevin işıqlı ideyaları isə hər bir azərbaycanlının gələcəyini hələ uzun onilliklər nura qərq edəcək.

Bu gün də Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiram və minnətdarlıqla yad edir. Onun Azərbaycan uğrunda gördüyü işlər, Azərbaycanın inkişafı, bütövlüyü üçün həsr etdiyi ömrü bir örnək, bir nümunədir. Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq!

Sevil Mikayılova
Milli Məclisin deputatı