Atəşgah Məbədi Tarixi abidələr

Atəşgah məbədi haqqında maraqlı faktlar

Bakı. TurkicWorld:

“Atəşgah məbədi” – Azərbaycan ərazisindəki Abşeron yarımadasında, Bakı şəhərindən 30 km aralıda yerləşən, müxtəlif dövrlərdə zərdüştlər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilmiş alov məbədidir. XVII-XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilmiş məbədin adı “Alov evi” və ya “Alov yeri” anlamı verir. Tarixi mənbələrin məlumatına görə, qədim atəşpərəstlər məbədinin qalıqları üzərində, təbii qazın çıxdığı əbədi məşəlin yerində XVII-XVIII əsrlərdə inşa edilmiş bu məbəd, 24 hücrə və mərkəzi səcdəgahdan ibarətdir.

Tarixçilərin yazdığına görə, müxtəlif vaxtlarda tikilmiş hücrələr və ibadətgah XVII əsrin sonlarında ümumi hasara alınıb. Məbədin ən erkən tikilişi təqribən eramızın 1713-cü ilinə aid edilir.

Abşeron yarımadasının demək olar ki, mərkəzində, köhnə Suraxanı qəsəbəsi ərazisində Azərbaycanın tarixi-mədəni abidəsi – “Atəşgah” od məbədi yerləşib. Məbəd hələ qədim zamanlardan XIX əsrin sonlarınadək yerin tərkindən yanar qazların püskürdüyü, sönməz “əbədi odların” alovlandığı bir yerdə ucalır. “Əbədi odlar” insanların nəzərlərini özlərinə cəlb edərək, əsən meh istiqamətində haçalanan təbii alov dilimlərinin həyacanlandırıcı gözəlliyi ilə bəşər övladlarını ovsunlayaraq yanırdılar.

“Atəşgahın” tarixi taleyində Azərbaycan xalqının çoxəsrli, hadisələrlə zəngin tarixinin böyük mərhələləri bir-birinə qovuşub. Abidənin tarixi kökləri bizi çox qədimlərə, Azərbaycan dövlətçiliyinin yarandığı və ölkədə hakim dinin yaranma tarixi e.ə. X –IX əsrlərə aid olan zərdüştlük olduğu dövrlərə aparır.

Zərdüştlük dünyada ən qədim dinlərdən biridir. Bu din Azərbaycan ərazisində yaranıb. Abşeron yarımadası isə, xüsusən neft və qaz yataqları ilə zəngin olan Suraxanı, zərdüştlərin təxminən b. e. II – III əsrlərdə özlərinə məbəd tikdirmələri üçün ən münasib yer olub, məbəd isə “Atəşgah”, yəni “od yeri”, “od səcdəgahı” adlandırılıb.

O zaman Azərbaycan torpağında minlərlə od yanırdı. İstər möhtəşəm məbədlərdə, istərsə də sadə adamların səcdəgahlarında səndəl və şümşad ağaclarının ətirlərini ətrafa yayaraq “müqəddəs od” alovlanırdı. Bir çox səyyah və alimlər, o cümlədən XVIII əsrdə İngiltərənin görkəmli ictimai xadimi, səyyah və publisist olmuş Conas Hanuey, Bakı ətrafında ayrı-ayrı dövrlərdə tikilmiş müxtəlif tipli qədim od məbədlərinin tam komplekslərinin mövcudluğu haqqında yazırdı:

“Rusiyanın cənub qurtaracağında yerləşən Bakı şəhəri hər növ turistlərin tam və dərin marağına layiq olan bir çox şeylərdən ibarətdir; lakin heç şübhəsiz ki, sönməyən odlar özünə görə yeganə bir hadisədir, səyyahların nəzərini hər şeydən cox cəlb edir”.

İnsanlar bədbəxtlik və zülmdən müdafiə axtararaq, xoşbəxtlik və əmin-amanlıq haqqında dualar edərək oda ibadət edirdilər. Bu qədim odlardan da Azərbaycan özünün “odlar yurdu” adını alıb.

Sahəsi 1368 kvadratmetr olan "Atəşgah" 1972-ci ildən muzey kimi fəaliyyət göstərsə də, 1975-ci ildə bərpa edildikdən sonra, Dövlət Tarix-Memarlıq Muzey-Qoruğunun filialına çevrilib.

Hazırda "Atəşgah" məbədi "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyinin filialı kimi fəaliyyət göstərir, lakin onun unikallığı UNESCO-nun Dünya İrsinin ilkin siyahısına daxil edilməsi "Atəşgah məbədi "abidəsinin müstəqil fəaliyyəti və mühafizəsinə zərurət yaradıb.

Dövlətin səyi nəticəsində "Atəşgah" məbədinə 30 sentyabr 1998-ci ildə mədəni irs nümunəsi kimi "gücləndirilmiş mühafizə" statusu verilib və UNESCO -nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin Siyahısına daxil edilib.

Mövzuya görə xəbərlər