Bakı. TurkicWorld:
"İspan qripi" - XX əsrin ən dəhşətli pandemiyası, indiyə qədər elmə məlum olan ən böyük və dağıdıcı qrip virusu 1918-ci ildə yayılan və İspan qripi adı ilə tanınan H1N1 virusudur. Bu virus, birinci dünya müharibəsinin sonlarında başlamış və dünya əhalisinin 5%-ni öldürüb. Tarixə ispan qripi kimi düşən xəstəlik əhatə dairəsi və letallığına görə bəşəriyyət tarixinin ən ölümcül fəlakətlərindən sayılır. Pandemiya, Barselonadan Keyptauna, Alyaskadan Sakit okean adalarına qədər demək olar, bütün yer kürəsini ağuşuna alıb. Hətta zamanında İspan kralı VIII Alfonso da yoluxub. Bu virus bir il ərzində davam edən epidemiyaya səbəb olub və 20 milyondan 100 milyona qədər insanın ölümünə səbəb olub.
1918-ci ilin payızında pik həddə çatan İspan qripi I Dünya müharibəsində çox sayda itkilərə səbəb oldu. Amma savaşan tərəflər problemi qabartmağa və ya onu həll etməyə tələsmirdilər. İspan krallığının informasiya agentliyi real statistikanı açıqlayaraq epidemiyanın nə qədər ağır və təhlükəli olduğunu dünya ictimaiyyətinə çatdırmağı bacardı. Epidemiyanın tarixdə adı "İspan qripi" olaraq qaldı. Müxtəlif hesablamalara görə, qısa müddətdə Avropanı, Amerikanı, hətta Yaponiya və Sakit okean adalarını bürüyən infeksiya yüz milyona yaxın insanın həyatına son qoydu. Bəlanın ilkin əlamətləri qripi xatırlatsa da, yoluxanlar axşama qan öskürür, iki-üç gündən sonra isə həyatlarını itirirdilər. Adi hallarda uşaq və zəif qocalar qurbana çevrilirdilərsə, "İspan qripinə" yoluxanların əksəriyyəti 18-40 yaş arası sosial qrup idi. Üstündən yüz iki il keçməsinə baxmayaraq hələ də bu virusun vaksinası tapılmayıb.
İspan qripi daha çox ağırlaşmaya səbəb olan və insan orqanizmində daha ciddi fəsadlara yol açan bir qripdir. Bu infeksiya toxumalara daha tez sirayət edir, hüceyrələrin baryer funksiyasını dağıdır, orqanların funksiyasını pozur və ayrı-ayrı orqanların sıradan çıxmasına gətirib çıxarır.
Xəstəlik böyük ehtimal ABŞ-da başlamışdı və əsgərlər vasitəsi ilə Avropaya gəlmişdi. Amma birinci dünya müharibəsi ərəfəsində iştirakçı ölkələrin çoxunda hərbi senzura hökm sürdüyündən xəstəlik barədə məlumatlara ciddi məhdudiyyətlər qoyulub. İspaniya isə müharibədə iştirak etməyən bitərəf dövlət kimi belə məhdudiyyətlərdən azad idi. Ona görə də İspan mətbuatı bu pandemiyanı hamıdan çox işıqlandırıb. Xəstəliyə İspan qripi adının qoyulması bununla bağlıdır.
Pandemiya bəzi ölkələrdə bütöv kənd və qəsəbələrin əhalisinin kökünü kəsib. Ölü sayı o qədər çox idi ki, hər kəsə ayrı qəbir qazıb çatdırmaq olmurdu. Cəsədlər ümumi qardaş qəbirlərində basdırılıb. Xəstəliyi qanalma və evkalipt yağı inhalyasiyaları ilə müalicə etməyə çalışsalar da, bunun o qədər də effekti olmayıb. Bütün dünyada 500 milyona yaxın insanı yoluxdurmuş pandemiya il yarımdan sonra özü-özünə sönüb.






