Xəstəliklər

Taun və yaxud "qara ölüm" pandemiyası zamanı müşahidə edilən simptomlar nədir?

Bakı. TurkicWorld:

Tarixin ən dəhşətli pandemiyası taun, 1346-1353-cü illər arasında Avropa əhalisinin yarısını qırıb keçmiş bir epidemiya olub. Xəstəliyi, əsasən, ticarət gəmilərilə səyahət edən siçovullar yayıb. Amma o zamanlar tibbi anlayışların azlığı səbəbindən insanlar taunu tanrının bəlası kimi qəbul ediblər və xəstəliyin yayılmasında digər dinlərdən olan insanları günahlandırıblar. Nəticədə, yəhudi və qaraçılara qarşı kütləvi hücumlar adi hal alıb. Bundan başqa cüzam xəstələrini də sıxışdırıblar.

Kotolik kilsəsi, taunu tanrının günahlara cəza kimi göndərdiyini bəyan edib. Nəticədə, Avropada flagellantlar adlanan qatı dindar qruplar yaranıb. Onlar şəhər-şəhər gəzərək mərkəzi küçələrlə xaç keçidləri təşkil edir, özlərini zəncirlə döyürdülər. İdeya, İsanın çarmıx öncəsi iztirablarını təkrarlamaq və bir növ insanlığın günahlarını öz üzərinə götürməklə tanrının mərhəmətini qazanmaq və xəstəliyin qarşısını almaqdan ibarət idi. Əslində isə flagellantlar özləri də bilmədən bu hərəkətləri ilə əksinə taunun bir şəhərdən digərinə yayılmasında aktiv iştirak edirdilər.

Xəstəliyin simptomları və mərhələləri:

Taun üçün inkubasiya müddəti bir neçə saatdan 9 günə qədər dəyişir. Bu xəstəliyə yoluxmanın bir neçə forması vardır: dəri, bubon, birinci və ikinci septik, ağciyər formaları.

Tədricən mikrobun daxil olduğu yerdə ardıcıl surətdə papulaya, veyikulaya və pustulaya çevrilən ləkə baş verir. Pustula içərisində çoxlu miqdarda taun mikrobları olan qanlı irinli, bəzən qaratəhər möhtəviyyatla dolur, təzyiq etdikdə şiddətli ağrılar başlayır. Əhatə edən dəri sahəsi parlaq hiperemiyalaşmış (tünd qırmızı rəngə çalır), infiltratlaşmış, sağlam dəri səthindən qabarmış olur. Sonradan pustula xoraya çevrilir. Xoranın dibi infiltratlaşır, sarımtıl rəngdə olur, vaxtı gələndə tünd qartmaqla örtülür, bu, qarayara zamanı dərinin zədələnməsini xatırladır. Nadir hallarda dəri üzərində kəskin ağrılı, xoralaşan birincili taun karbunkulu əmələ gəlir. Taun dəri xorası uzun davam etməsi, tədricən sağalması, çapıq əmələ gətirməsilə xarakterizə olunur.

Taunun hər hansı klinik formasında hemorragik səpmələr. bullyoz törəmələr, ikincili hematogen pustula və karbunkullar şəklində ikincili dəri dəyişikliyi müşahidə edilə bilər. Tunun dəri forması, bir qayda olaraq, bubon forması ilə birləşir.

Taunun bubon formasının xarakterik əlaməti törədrici mikrobun daxil olduğu yerə yaxın birincili bubonların formalaşması ilə periferik limfatik düyünlərin zədələnməsidir. Xəstəliyin 1-2-ci günü nəinki hərəkət zamanı, hətta sakitlikdə belə bubon əmələ gələn yerdə xəstəni məcburi vəziyyətə gətirən şiddətli ağrı hiss olunur. İnkişaf edən bubon kiçik, şiddətli ağrılı şişkinlikdən ibarətdir. Limfatik düyünlərin bütün qrupu və onları əhatə edən birləşdirici toxuma iltihabi prosesə cəlb olunduqca şişkinlik 8 sm-dək böyüyür, ətraf toxumalar ilə birləşən konqlomeratdan ibarət olur. Bubonun üzərini örtən dəri gərilir, aydın hiperemiyalaşır, parıldayır, göyərmiş çalar alır. Adətən limfangitlər olmur. Periadenit olduğuna görə bubonun konturu hamarlaşır. Bu, mühim diaqnostik əlamətlərdən biri sayılır. Xəstəliyin 6-8-ci gününə yaxın bubon xəmirvari konsistensiya alır, üzərindəki dəri göyümtül-qonur rəng alır, nazilir. Bubonun mərkəzində flüktasiya meydana çıxır. Xəstəliyin 8-12-ci günü bubon deşilir, qan qarışıqlı serozlu-irinli möhtəviyyat ifraz olunur. Bubonun xoraya çevrilməsi uzun müddət sağalmayan fistulanı, ikincili infeksiyanın qoşulması isə geniş adenofleqmonanın əmələ gəlməsi ilə nəticələnir. İrinli xora inadlı gedişi, tədricən sağalması, qranulyasion toxumanın artması və çapıqlaşma ilə fərqlənir. Xəstəliyin təhlükəsiz gedişi zamanı 6-8-ci gündən başlayaraq, bubonda iltihabi dəyişiklik azalmağa başlayır və sonralar tam sorula bilir. Son illər spesifik terapiyanın (antibiotiklərin) tətbiqi ilə əlaqədar olaraq taun bubonları çox nadir hallarda deşilir. Onlar 15-20 gün ərzində tədricən sorulur.

Taunun birincili septik forması qısa inkubasiyadan sonra (bir neçə saatdan 1-3 sutkaya qədər) törədici mikrobun sürət disseminasiyası, orqanizmin müxtəlif sistemlərinin zədələnməsi ilə qızğın surətdə inkişaf edir və adətən, xəstənin tez ölməsilə nəticələnir. Xəstəliyin əsas təzahürü yüksək qızdırma, ürək-damar fəaliyyətinin və sinir sisteminin pozğunluqları şəklində intoksikasiya sindromu (sayıqlama, narahatlıq və adinamiya) və hemorrafik sindromdur. Xəstələrdə massiv dəri hemorragiyaları, daxili orqanlara qansızmalar, mədə-bağırsaq, ağciyər, böyrək və uşaqlıq qanaxmaları meydana çıxır.

İkincili septik forma infeksiyanın başqa klinik formalarını, çox vaxt bubon taununu ağırlaşdırır və orqanizmin ağır intoksikasiyası təzahürləri ilə keçir. Xarakterik kliniki simptomlar olmadığından, xəstənin sağlığında taunun septik formasının diaqnostikası çətinlik törədir. Epidemioloji situasiya, yaxud taun ocaqlarında yaşayan insanların qəflətən ölməsi orientir sayılır.

Ağciyər taununun ən ağır növüdür. Onun da iki növü vardır. Birincili - ağciyər taunu – xəstəliyin daha ağır və epidemioloji cəhətcə son dərəcə təhlükəli formasıdır. Xəstəliyin üç əsas dövrü vardır: başlanğıc qızdırmalı həyəcanlanma dövrü, xəstəliyin qızğın dövrü və soporoz (terminal) dövr.

Ağciyər taununun birinci dövrü klinik təzahürlərin müxtəlifliyi ilə xarakterizə olunur. Xəstəliyin dəfələrlə şiddətli titrətmə, bədən temperaturunun 39-40°S-dək yüksəlməsi və qusma ilə qəflətən başlayır. Xəstələr həyəcanlanır, baş və əzələ ağrılarından şikayətlənir, onların sifətləri qızarmış, şişmiş olur, konjuktivit inkişaf edir, xəstəliyin birinci gününün axırına yaxın köksdə kəsici ağrılar, taxikardiya, tənginəfəslik meydana çıxır. Xeyli artan bəlğəm ifrazı müşayiət edilir. Bəlğəm əvvəlcə köpüklü, şəffaf, şüşəvari olur. Sonradan bəlğəmin içərisində qan görünür və nəhayət o qanlı olur. Bəlğəmlə külli miqdarda taun mikrobları ifraz olunur. Fiziki məlumatlar son dərəcə az olur, xəstələrin ümumi halına uyğun gəlmir.

Xəstəliyin qızğın dövrü bir neçə saatdan 2-3 günə qədər davam edir. Bədən temperaturu yüksək olaraq qalır. Üzün hiperemiyası, gözlərə "qan dolması", şiddətli tənginəfəslik – taxipnoe (tənəffüsün dəqiqədə 50–60 qədər olması) diqqəti cəlb edir. Çox vaxt qan qarışmış qusma baş verir. Ürək tonları karlaşır, nəbz tezləşir və aritmik olur. Arterial təzyiq xeyli enir. İntiksikasiya təzahürləri artdıqca ağır mənəvi iztirab həyəcanlanma ilə əvəz olunur, xəstə sayıqlamağa başlayır.

İkincili-ağciyər taunu, bubon taununun ciddi ağırlaşmasıdır. Proqnoz həmişə ciddidir. Xəstəliyin bütün orqanizmə yayılmış formalarında ölüm riski 40-90%-ə çatır. Terminal dövr son dərəcə ağır klinik gedişlə xarakterizə olunur. Xəstədə soporoz hal (yuxuculuq) inkişaf edir. Tənginəfəslik artır, tənəffüs sərtləşir, arterial təzyiq, demək olar ki, müəyyənləşdirilmir. Nəbz tezləşir, sapvari olur. Dəri üzərində petexiyalar və ya geniş qansızmalar meydana çıxır. Sifət göyərir, sonradan isə yanaqlarda parlaq sianoz olan boz-torpaq rəng alır, burun sivriləşir. Gözlər çuxura düşür. Xəstəyə ölüm gorxusu gəlir. Daha sonra sayıqlama başlayır, xəstə laqeydləşir, koma inkişaf edir.

Xəstəliyin müalicəsi:

Orta əsrlərin ən yaxşı təbibləri taun xəstələrinin müalicə oluna biləcəyi ehtimalında yanılmırdılar. Bitki mənşəli və ya heyvan mənşəli dərmanlar, həmçinin cərrahi alətlər daxil olan orta əsr həkiminin arsenalı epidemiyaya qarşı tamamilə gücsüz idi.

"Fransız cərrahiyyəsinin atası" Qi de Şoliak tibbin heç bir müqavimət göstərə bilmədiyi taun xəstəliyini "alçaldıcı bir xəstəlik" adlandırırdı. Fransız-italyan həkimi Raymond Şalen di Vinario acı bir kinayə ilə qeyd edirdi ki, "əziyyət çəkən insanlara kömək etməkdən imtina edən həkimləri qınaya bilməz, çünki heç kim xəstəsinin ardınca yollanmaq istəmir". Bundan əlavə, epidemiyanın güclənməsi və taun qorxusunun artması ilə getdikcə daha çox həkim canını qurtarmaq üçün qaçmağa çalışırdı. Lakin buna baxmayaraq xeyli sayda həkimin öz sənətlərinə sadiq qalma halları da az deyildi. Beləki, Şoliakın öz etirafı ilə yalnız "rüsvayçılıq qorxusu" onu qaçmaqdan çəkindirdi, Di Vinario isə öz tövsiyəsinə qarşı getdi və vəzifəsini sona qədər yerinə yetirərək 1360-cı ildə taundan öldü.

Taunun klinik mənzərəsi XIV əsrin tibb nöqteyi-nəzərindən belə idi: bədənə nüfuz edən "miasma" ürək bölgəsində bir bubon və ya zəhərlə dolu furunkul meydana gətirir və sonra o qanı zəhərləyir.

Müalicə cəhdləri son dərəcə təsirsiz olsa da, həyata keçirilirdi. Şoliak taun bubonlarını açıb onu qaynar məcunla yandırırdı. Zəhərlənmə kimi başa düşülən taun ilə o dövrdə mövcud olan üsullarla, xüsusən də "fransız teriakı" ilə müalicə aparılırdı. Belə ki, bubon üzərinə dövrün inamına görə qandan zəhər çıxara bilən kərtənkələlərin, ilanların, zəhərli qurbağaların qurudulmuş dəriləri qoyulurdu. Eyni məqsədlər üçün bubolar üzərinə qiymətli daşlar, xüsusilə də toz halına salınmış zümrüd səpilirdi.

XIV əsrdə, elm hələ də sehr və okkultizmlə sıx bir şəkildə əlaqələndirildiyi üçün bir çox dərman reseptləri "simpatiya" qaydalarına əsasən tərtib edilirdi. Yəni insan orqanizminin xəstəliyini ehtimal olunan şəkildə müalicə edilə biləcəyi müəyyən cisimlərlə xəyali bağlantı qurulurdu. Bu zaman isə şarlatanlıq və fırıldaq hallarına geniş rast gəlinirdi. "Simpatik sehr" tərəfdarları güclü maqnit köməyi ilə xəstəliyi bədəndən "çıxartmağa" çalışırdılar. Belə bir "müalicənin" nəticələri məlum deyil, lakin onların qənaətbəxş olmaları ehtimalı çox azdır.

Yaxşı qidalanma və möhkəmləndirici vasitələrlə xəstənin gücünü qorumaq və imuniteti qaldırmaqla bədənin xəstəliyə qalib gəlməsi üsulundan da geniş istifadə edilirdi. Lakin Qara ölüm epidemiyası zamanı sağalma nadir hallarda rast gəlinirdi və demək olar ki, onların da hamısı epidemiyanın sonunda olmuşdu.

Cəmi 7 il ərzində 100 milyona yaxın insanı öldürmüş taun epidemiyası, ikinci dəfə XIX əsrdə baş qaldırsa da, əvvəlki kimi ölümcül epidemiyaya çevrilə bilmir. Bu dəfə insanlar daha hazırlıqlı idilər. Tauna qarşı vaksin artıq hazır idi. Vaxtında aparılmış vaksinasiya, həmçinin effektiv karantin tədbirləri taunun yenidən yayılmasının qarşısını alıb.

Qara ölümün məşhur qurbanları:

Adı Vəzifəsi və ya titulu Doğulduğu ölkə Ölüm ili
XI Ədalətli Alfonso Kastiliya kralı Kastiliya 1350
Covanni D Andrea leqist, kanon hüququnun bilicisi Boloniya 1348
İoann Anqel sevastokrator Bizans 1348
Andronik Kantakuzin Bizans taxt-tacı varisi Bizans 1347
Lüksemburqlu Bonna Fransa dofini Bohemiya 1348
Tomas Bradvardin Kenterberiya arxiyepiskopu İngiltərə 1349
Ful De Kanak Paris yepiskopu Fransa 1349
Jan de Pre Turne yepiskopu Fransa 1349
İngiltərəli İoanna (1335–1348) İngiltərə şahzadəsi İngiltərə 1348
Burqundiyalı Janna Fransa kraliçası Burqundiya 1348
Covanni Randaçço Randaçço hersoqu, Afina və Neopatriya Siciliya 1348
Lorençetti Ambroco rəngkar Siena 1348
Pyetro Lorençetti rəngkar Siena 1348
Andrea Pizano heykəltaraş Pontedera 1348
Herardus Odonis Siciliya patriarxı Fransa 1348
Portuqaliyalı Eylanora Araqon kraliçası Portuqaliya 1348
Con Offord lord-kansler İngiltərə 1349
Covanni Villiani səlnaməçi, tarixçi Florensiya 1348
Marqaret Ueyk Kent qrafinyası İngiltərə 1349
Semyon İvanoiç Qordı Vladimirin böyük knyazı Kiyev 1353
İvan Semyonoviç Semyon Qordının üçüncü oğlu Kiyev 1353
Semyon Semyonoviç Semyon Qordının dördüncü oğlu Kiyev 1353
Günter fon Şvarsburq Almaniya antikralı Müqəddəs Roma İmperiyası 1353

Mövzuya görə xəbərlər