Seçkilərdə yüksək iştirak nisbəti ilə rekord qıran Türk Milləti sandıq başına gedərək demokratiyaya nə qədər sadiq olduqlarını bütün dünyaya göstərdi - Mehmet Yüce

Seçkilərdə yüksək iştirak nisbəti ilə rekord qıran Türk Milləti sandıq başına gedərək demokratiyaya nə qədər sadiq olduqlarını bütün dünyaya göstərdi - Mehmet Yüce

Bakı. TurkicWorld:

Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə təsadüf edən 14 May seçkilərinin təkcə Türkiyə üçün deyil, bütün dünya üçün əhəmiyyətli bir seçki olduğu şübhəsizdir. Bu səbəbdən ABŞ, Avropa Birliyi və Rusiya başda olmaqla bir çox qlobal və regional ölkələrin bu seçki ilə bağlı gözləntiləri var.

TurkicWorld xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Prof. Dr. Mehmet Yüce deyib.

O qeyd edib ki, seçkidə mənfi təbliğatlara baxmayaraq, seçki prosesində bir neçə xırda insidentdən başqa heç bir neqativ hal yaşanmadı, prezidentliyə namizədlər və bütün siyasi partiyalar azad bir mühitdə seçki fəaliyyətlərini davam etdirdilər.

"Seçkilərdə 90%-lik çox yüksək iştirak nisbəti ilə rekord qıran Türk Milləti sandıq başına gedərək demokratiyaya nə qədər sadiq olduqlarını bütün dünyaya göstərdi. Üstəlik, türk milləti bu seçki ilə haqsız iddiaları, əsassız eyhamları, əsassız ittihamları puç etdi. Bütün qarayaxma kampaniyalarına baxmayaraq, türk xalqı dövlətinin müdafiəsinə qalxdı. Türk xalqı öz müqəddəratını təyin etmək üçün xaricdən gələn təklifləri və tələbləri əllinin tərsi ilə rədd etdi. Türk Milləti xaricdən edilməsi nəzərdə tutulan müdaxiləyə sərt reaksiya verdi və öz müqəddəratını təyin etmək iradəsinə malik olduğunu bütün dünyaya bəyan etdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin seçki prosesi zamanı və ondan sonra aydın mövqeyi, səmimi və real bəyanatları Türkiyə ilə Azərbaycan arasında davam edən strateji müttəfiqliyin dərinliyi və gələcəyi ilə bağlı keçdiyi yolun miqyasını göstərir. İki ölkə arasındakı bu inkişafın Türk Dünyasına da təsir göstərəcəyini söyləmək lazımdır", - deyə o vurğulayıb.

M. Yüce həmçinin bildirib ki, Türk Milləti yaşanan bütün çətinliklərə baxmayaraq, Türkiyəni regional qlobal gücə çevirəcək siyasətləri dəstəklədiyini göstərdi.

"14 Mayda keçirilən seçkilərdə Türk Millətinin uzaqgörənliyi bir daha ortaya çıxdı və 28 May 2023-cü ildə keçiriləcək Prezident seçkilərində sabitliyə, müstəqilliyə və gələcəyə dəstək olacaq iradəsini ortaya qoydu", - deyə o əlavə edib.