Bakı,TurkicWorld
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Keniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cona Mayna Mvangini qəbul edib.
Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Keniya Prezidenti Uillyam Samoei Rutonun ölkəmizə səfərini, həmçinin onunla Azərbaycanda və beynəlxalq təşkilatlar çərçivəsində görüşlərini məmnunluqla xatırlatdı.
Ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev vurğuladı ki, bu, digər istiqamətlər, o cümlədən iqtisadi-ticari sahədə əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş imkan yaradır. Dövlətimizin başçısı bütün sahələrdə ikitərəfli əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd etdi.
Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.
Səfir qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, son dövrlərdə əlaqələrimizin inkişaf etdiyini deyərək, hər iki dövlət başçısının əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı verdikləri tapşırıqlara uyğun olaraq səylərini əsirgəməyəcəyini vurğuladı.
Cona Mayna Mvangi əməkdaşlığın genişləndirilməsi məsələsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəminə toxundu.
Görüşdə Azərbaycanla Keniya arasında bir çox sahədə əməkdaşlığın perspektivləri müzakirə olundu.





