Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyev: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

BAKI,TurkicWorld

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciətində yer alıb.

Müraciətdə, həmçinin qeyd edilib: "Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində böyük inkişaf yolu keçən ölkəmizin müdafiə sənayesi bu gün keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş və istehsal imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmişdir. Yerli müəssisələrdə istehsal olunan müdafiə təyinatlı məhsullar Silahlı Qüvvələrimizin təchizatında mühüm yer tutmaqla yanaşı, beynəlxalq bazarlarda da rəqabət qabiliyyəti ilə seçilərək müxtəlif ölkələrin aidiyyəti qurumları tərəfindən xüsusi maraqla qarşılanır. Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyi nailiyyətlər ölkəmizin hərbi-texniki potensialının güclənməsinə, dost və tərəfdaş dövlətlərlə əməkdaşlığın dərinləşməsinə xidmət edir".

Qeyd edək ki, sentyabrın 30-da "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-сi yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi işə başlayıb.

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, "Caspian Event Organisers" şirkətinin təşkilati dəstəyi ilə "Bakı Ekspo Mərkəzi"ndə üç gün davam edəcək sərginin açılış mərasimində dövlət və hökumət rəsmiləri, Azərbaycandakı diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, xarici ölkələrin nümayəndə heyətləri, digər əlaqədar qurumların nümayəndələri iştirak edirlər.

Mövzuya görə xəbərlər