BAKI,TurkicWorld
Prezident İlham Əliyev bu gün Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə qayıdan sakinlərlə görüşüb.
TurkicWorld xəbər verir ki, dövlət başçısının səmimi söhbəti maraqla qarşılanıb.
Həmin dialoqu təqdim edirik:
Prezident İlham Əliyev: İlk növbədə, sizi bayramlar münasibətilə təbrik edirəm - həm Qurban bayramı, həm Müstəqillik. Siz həm Müstəqillik, həm Qurban bayramlarını doğma Qarabağ torpağında qeyd edirsiniz. Bu, böyük xoşbəxtlikdir. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm.
Uzun fasilədən sonra doğma vətənə qayıtmaq böyük xoşbəxtlikdir.
Qadın sakin: Şərəfdir bizim üçün, şərəfdir.
Prezident İlham Əliyev: Bəli. Burada sizin üçün gözəl şərait yaradılıb. Burada evlərin, demək olar ki, əksəriyyəti dağılmışdı. Onların 17-si hazırdır, 20-si də ikinci mərhələdə hazır olacaq və ondan sonra da evlər tikiləcək. Burada qonşuluqda da iş gedir. Kiçik Qaladərəsi, Turşsu, Sarıbaba. Laçın da yaxındır, Şuşa da yaxındır. İndi yeni yol da çəkilir və gediş-gəliş də daha rahat olacaq. Yəqin ki, görmüsünüz, biz Şuşa-Laçın yolunu genişləndiririk, həm də tunellər inşa edilir. Hər şey edilir ki, insanlar burada rahat yaşasınlar və əsas odur ki, doğma vətən torpağında.






