Son dəqiqə

Prezident İlham Əliyev

Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi təsdiqləndi - FƏRMAN

Bakı, TurkicWorld

Prezident İlham Əliyev "Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi"nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

TurkicWorld xəbər verir ki, fərmana əsasən, "Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi" təsdiq edilib.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatları:

dövlət idarəetməsinin təkmilləşdirilməsi, səmərəliliyinin və şəffaflığının yüksəldilməsi məqsədilə göstərdikləri xidmətlərin və daxili idarəetmə proseslərinin (kadrların idarə olunması, maliyyə-uçot və mühasibat, təchizat və təminat) rəqəmsallaşdırılmasını təmin etməli;

sahibi və (və ya) operatoru olduqları dövlət informasiya ehtiyatlarının və sistemlərinin qiymətləndirilməsinə, eləcə də monitorinqlərin (auditlərin) aparılmasına şərait yaratsınlar və onların nəticələri əsasında aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görməli;

sahibi və (və ya) operatoru olduqları dövlət informasiya ehtiyatlarının və sistemlərinin dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrində, fərdi məlumatların dövlət informasiya sistemlərinin isə həmçinin fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrində qeydiyyata alınmasını altı ay müddətində təmin etməlidirlər.

"İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq, inzibati orqanlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olan, qanunla ərizəyə əlavə edilməli sənədlərin və ya məlumatların siyahısının xidmət göstərdikləri binalarda müvafiq məlumat lövhələrində və rəsmi internet səhifələrində yerləşdirilməsini və mütəmadi yenilənməsini təmin etməlidirlər.

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

"Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" fərmanda aşağıdakı dəyişikliklər edilməlidir:

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti:

dövlət informasiya ehtiyatlarını və sistemlərini mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etməli;

dövlət informasiya ehtiyatlarının və sistemlərinin təhlükəsizlik meyarları üzrə monitorinqini və ildə bir dəfədən az olmayaraq təhlükəsizlik üzrə auditini həyata keçirməli;

dövlət informasiya ehtiyatları və sistemləri istismara verilməzdən əvvəl onların informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi ilə bağlı rəy verməli;

sahibi və operatoru ilə birlikdə dövlət informasiya ehtiyatlarının və sistemlərinin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməli;

Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) və "Hökumət buludu"nun informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlara inteqrasiya edilən və miqrasiya olunan dövlət informasiya ehtiyatlarının və sistemlərinin sahibləri, operatorları, habelə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə zəruri tədbirlər görməlidir.

Mövzuya görə xəbərlər