Tacikistan və Qırğızıstan 2023-cü ildə mübahisəli sərhədin 169,48 kilometrini müəyyən ediblər

Tacikistan və Qırğızıstan 2023-cü ildə mübahisəli sərhədin 169,48 kilometrini müəyyən ediblər

Bakı. TurkicWorld:

Tacikistan və Qırğızıstan hökumətləri 2023-cü ildə mübahisəli sərhədin 169,48 kilometrlik hissəsi ilə bağlı razılıq əldə ediblər.

TurkicWorld-un məlumatına görə, Tacikistan Topoqrafiya İşçi Qrupunun sədri Orif Hocazadə paytaxt Düşənbədə keçirdiyi mətbuat konfransında ölkəsi ilə Qırğızıstan arasındakı mübahisəli sərhədlə bağlı açıqlama verib.

Hocazadə deyib ki, 2023-cü ildə Tacikistan və Qırğızıstanın topoqrafik işçi qrupları 15 görüş keçirib və nəticədə 169,48 kilometrlik dövlət sərhədi xətti müəyyən edilib.

İndiyə qədər təyin etdikləri ortaq sərhədin Tacikistan və Qırğızıstan arasındakı ümumi sərhədin təxminən 90 faizini təşkil etdiyini bildirən Hocazadə, problemin bir an əvvəl həllini istədiklərini sözlərinə əlavə edib.

Qırğızıstan və Tacikistan arasındakı 972 kilometrlik ümumi sərhədin indiyədək təxminən 90 faizə bərabər olan 889,45 kilometrlik hissəsi ilə bağlı razılıq əldə olunduğu halda, sonuncu dəfə yanvarın 30-dan fevralın 5-dək Qırğızıstanın Batken şəhərində görüşən tərəflər sərhədin əlavə 3,71 kilometri ilə bağlı razılığa gəlib, protokol imzalayıblar.

Qeyd edək ki, Tacikistan və Qırğızıstan arasında sərhəd mübahisələrinə görə zaman-zaman gərginlik və münaqişələr yaranıb və iki ölkə arasında sonuncu münaqişə 14 sentyabr 2022-ci ildə baş verib və hər iki tərəfdən onlarla insan həyatını itirib.

Aytac Süleymanova

Twitter: a_alieva_